Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində, ölənlərin sayı 10-a çatıb. Bu barədə məlumat Azərbaycan Respublikasının Baş Prokurorluğunun saytında dərc olunub. Məlumata əsasən, 12.10.2020-ci il tarixində yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib. Hazırda, digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 11.10.2020-ci il tarixində gecə saat 02:00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutub. Raket atəşi nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.