[:az]Bu gün Bakı Apelyasiya Məhkəməsində AXCP təşkilat şöbəsinin üzvü Elnur Yusubov barədə inzibati həbs qərarından verilən şikayətə baxılıb. Bu baradə məlumatı journalist Təzəxan Mirələmli özünün Facebook hesabında paylaşıb. Məlumata görə hakim Habil Məmmədovun sədrliyi ilə keçən prosesdə Elnur Yusubov özü də iştirak edib. AXCP fəalı, barəsində tərtib olunmuş protokolun saxta, həbsinin qanunsuz olduğunu bildirib. Özünün inzibati həbsinin son günlər AXCP-yə qarşı represiyanın tərkib hissəsi olduğunu məhkəmə heyətinə çatdırıb.
Elnur Yusubovun şikayəti təmin olunmayıb. Vəkil qeyd edib ki, qərardan Avropa İnsan Haqları məhkəməsinə şikayət göndəriləcək.
Xatırladaq ki, AXCP Təşkilat Şöbəsinin üzvü Elnur Yusubov 26 iyul tarixində üç nəfər mülki geyimli şəxs tərəfindən şəxsi avtomobilindən zorla düşürülüb və saxlanılıb. Barəsində iyulun 28-də İnzibati Xətalar məcəlləsinin 211.1-ci maddəsi ilə 30 sutka inzibati həbs qərarı seçilib.[:]