[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı qardaşı Turan İbrahim özünün Facebook hesabında paylaşıb:
“Mehdi İbrahimov xəbər göndərib ki, yanıma yemək gətirməyin. 3 gündür yemək yemir, aclıq aksiyası başladıb. Cəmi bir dəfə evə bir dəqiqəlik zəng edib”
Xatırladaq ki, M.İbrahim Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə – koronavirus yaymaqda ittiham olunur. Ailə üzvləri isə bildirir ki, bu ittiham saxtadır, Mehdi virusa yoluxmayıb. Onu iyulun 15-də Qarabağa dəstə yürüşündə iştirakına görə saxlayıblar. Sonradan onu buraxmaq istəsələr də, AXCP funksioneri Məmməd İbrahimin oğlu olduğunu biləndə saxlamaq qərarına gəliblər. İyulun 20-də isə ona koronavirusu yayma ittihamı verilərək, barəsində cinayət işi başlanıb.
M.İbrahimov futbol məşqçisidir. Ailəsi bildirir ki, atası və digər iki qardaşından fərqli olaraq, o, siyasətdən kənarda olub.[:]