[:az]Elnur Yusubova inzibati cəza verildi, Məmməd İbrahimin evində axtarış aparıldı
AXCP Təşkilat Şöbəsinin təlimatçısı Elnur Yusubov haqqında da həbs qərarı çıxarılıb. Bu barədə iyulun 28-də Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimli qərar çıxarıb. AXCP fəalı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (karantin rejimi qaydalarının pozulması) maddəsilə təqsirli bilinərək, ona 30 sutka inzibati həbs cəzası kəsilib.
Amma AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Elnur Yusubov iyulun 26-da öz maşınıyla gedərkən başqa bir avtomobil qarşısını kəsib. Mülki geyimli şəxslər onu avtomobilindən zorla düşürüb aparıblar: “Bir sutka onun hara aparıldığı bilinməyib. İyulun 27-də günorta məlum olub ki, Xətai rayonu, 37-ci polis bölməsindədir. Onu iyunun 27-də Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib.
İyulun 28-də həmçinin Bakı Apelyasiya Məhkəməsində Qarabağa dəstək yürüşünə görə həbs olunan AXCP fəallarından daha üçünün – Ceyhun Novruzov, Məhəbbət Nağıyev və Telman Seyfullayevin şikayətinə baxılıb. Şikayət onların barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda qərarlardan verilib. Şikayətçi olan cəbhəçiləri məhkəməyə gətirməyiblər. Yalnız Bakı İstintaq Təcridxanasında saxlanılan Telman Seyfullayevin onlayn şəkildə məhkəməsinə qoşulmasına imkan yaradılıb.
T.Seyfullayev ona qarşı irəli sürülmüş ittihamın yalan olduğunu bildirib. Təqsirsiz olduğunu vurğulayan AXCP fəalı həmçinin ailə üzvlərilə telefon danışığı və görüş hüququnun məhdudlaşdırılılmasından şikayətlənib.
“On gündür ki, eyni paltarda saxlanılıram…“, – bunu da T.Seyfullayev deyib.
Vəkili T.Seyfullayevin himayəsində bir ayağı amputasiya olunmuş, xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşının olduğunu da hakimlərin nəzərinə çatdırıb.
“Bir oğlu var, o da Azərbaycanda yoxdur. Xanımı yalnız Telman Seyfullayevdən asılı vəziyyətdə idi. Oğlunun yaşadığı ölkədə Qarabağ həqiqətlərini çatdırmaq üçün atdığı addımları da məhkəmənin diqqətinə çatdırdıq. Təəssüf ki, nəzərə alınmadı“, – deyə vəkil Bəxtiyar Hacıyev bildirib.
Hər üç cəbhəçi barədə həbs qərarı qüvvədə saxlanılıb.
AXCP Rəyasət Heyətinin üzvü həbsdə olan üzvü Məmməd İbrahimin ailəsinin yaşadığı evdə də iyulun 28-də axtarış aparılıb. Amma axtarışda nə M.İbrahim özü, nə də vəkili iştirak edib. Ailədən Meydan TV-yə verilən məlumata görə, axtarışa dörd nəfər mülki geyimli şəxs gəlib. Onlar özlərini prokurorluğun əməkdaşları kimi təqdim ediblər.
M.İbrahimin özü ilə yanaşı, futbol məşqçisi olan oğlu Mehdi İbrahimov da həbs olunub. Amma o, koronavirus infeksiyası yaymaqda ittiham olunur. Evdə axtarış aparmaq üçün alınan qərarda da M.İbrahimovun adı olub: “Onu koronavirus yaymaqda ittiham edilər. Guya özü virusa yoluxduğu halda, küçəyə çıxıb, başqalarına təhlükə yaradıb. Halbuki, yalandır. Digər tərəfdən, adamı virus yaymaqda ittiham edib, evində axtarış aparmaq nə deməkdir?”
AXCP mətbuat xidmətindən verilən başqa bir məlumatda isə iyulun 28-də partiyanın daha iki üzvünün – Yaşar Babayev və Emin Fərhadovun saxlandığı bildirilir. Bununla da son iki həftədə saxlanılan AXCP fəallarının sayı 40 nəfərə çatıb.
Meydan TV[:]