[:az]Xalq Cəbhəsi Partiyasının üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov Penitensiar Xidmətin vərəm xəstələri üçün ixtisaslaşdırılmış 3 saylı müəssisəsinə (“Tubzon” kimi tanınır) köçürülüb.
O, CM-in 139-1.1-ci (antiepidemiya, sanitariya-gigiyena və karantin rejiminin pozulması, xəstəliyin yayılmasına səbəb olduqda və ya buna təhlükə yaratdıqda) maddəsi ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqın bildirdiyinə görə, M.İbrahimov karantini pozmaqda ittiham olunur. Koronavirus ilə əlaqədar olaraq təcrid olunsa da, evdən çıxıb.
Lakin həbs edilən şəxsin atası oğlunun iyulun 15-də orduya dəstək aksiyası ilə əlaqədar saxlanıldığını bildirib. Onun sözlərinə görə, əgər oğlu koronavirus xəstəsi olsaydı, digər məhbuslarla birlikdə bir həftə polisdə saxlanmazdılar.
Bundan əlavə, onu məhkəməyə adi polis maşınında gətiriblər və aparıblar, onu müşayiət edən əməkdaşlar isə qoruyucu kostyumda yox, adi formada olublar.
Məmməd İbrahim həmçinin qeyd edib ki, oğlunu iyulun 15-də saxlayıblar, lakin məhkəmə həbs müddətini iyulun 20-dən hesablamağa qərar verib ki, bu da kobud pozuntudur.
Qeyd edək ki, Mehdi İbrahimov hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mehdi İbrahimovun bu partiyanın üzvü olduğunu Turan-a təsdiqləyib.
“İttiham maddəsindən görünür ki, Mehdi İbrahimov hüquqazidd hərəkətlərdə iştirak etməyib və Yeni Azərbaycan Partiyasının üzvü kimi orduya dəstək aksiyasında olub. Onu aksiyada iştirakına görə yox, yoluxmuş vəziyyətdə evdən çıxdığına görə saxlayblar”, – H. Paşayev qeyd edib.
Hüquq müdafiəçilərinin məlumatına görə, 15 iyul aksiyası ilə əlaqədar artıq 40 nəfər həbs edilib və onların əksəriyyəti Xalq Cəbhəsi Partiyasının fəalıdır.
Lakin onların mütləq əksəriyyəti nümayişdə iştirak etməyib, iştirak edənlər isə hüquqazidd hərəkətlərə yol verməyiblər.
TURAN[:]