[:az]Dünyada bəzi avtoritar hökumətlər koronavirus pandemiyasından müxalifətin və hakimiyyətin tənqidçilərinin qarşısını almaq üçün bəhanə kimi istifadə etdikdən sonra ABŞ hökumətinə COVİD -19 ilə əlaqədar xaricdə insan hüquqlarının pozulmasına reaksiya verməyə imkan yaradan qanun layihəsi ABŞ Konqresinə təqdim edilib.
“RH6986-pandemiya haqqında qanunun qüvvədə olduğu dövrdə insan hüquqlarının müdafiəsi” qanun layihəsi konqresmen Cim Makqovern tərəfindən xarici məsələlər komissiyasına təqdim edilib. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
Daha səkkiz konqresmen qanun layihəsinin həmmüəllifi kimi çıxış ediblər: Enn Vaqner, Tom Malinovski, Brayan Fitspatrik, Qas Bilirakis, Ceymi Raskin, Mett Kartrayt, Devid Tron və İlhan Ömər.
Nümayəndələr Palatasının qanun layihəsinə əsasən, “Azərbaycan, Salvador, Macarıstan, Qazaxıstan və Filippin də daxil olmaqla, bəzi ölkələrdə hökumətlər indiki böhrandan hakimiyyətin konsolidasiyası, qanunverici orqanların səlahiyyətlərinin məhdudlaşdırılması və tənqidlərin aradan qaldırılması üçün istifadə edir”.
“Əlcəzair, Azərbaycan, Belarus, Kamboca, Çin, Misir, Honduras, Macarıstan, İran, İordaniya, Rusiya, Cənubi Afrika, Tacikistan, Tayland, Filippin, Türkiyə, Türkmənistan, Venesuela Və Zimbabve da daxil olmaqla, bəzi ölkələrdə hökumətlər cinayət cəzası yolu ilə jurnalistlərin və fəalların koronavirus haqda informasiya dərc etmək hüququnu məhdudlaşdırıblar ki, bu da söz və mətbuat azadlığını pozur, insanların informasiya almaq imkanlarını məhdudlaşdırır”, – sənəddə deyilir.
Bu qanunun qəbulu həmin ölkələrdə və ümumilikdə dünyada hüquq müdafiəçilərinin, jurnalistlərin və müxalifət qruplarının dəstəklənməsi üçün ABŞ hökumətinin daha çox işlər görməsini tələb edir.
ABŞ administrasiyası pandemiya dövründə insan hüquqlarını pozan ölkələrin siyahısını, həmçinin Vaşinqtonun onlara qarşı atdığı addımları təqdim etməlidir. Buraya pandemiya dövründə insan hüquqlarının kobud şəkildə pozan konkret şəxslərin müəyyən edilməsi, eləcə də onlara qarşı tətbiq edilən sanksiyalar daxildir.[:]