[:az]
“Biz saxlanılanda 100-ə yaxın adamın tutulduğunu eşitdik”
İctimai fəal Elvin Cəbizadə iyulun 17-də axşam saatlarında sərbəst buraxılıb.
3 sutkadan artıq polisdə saxlanılmasına görə özünü pis hiss etdiyini jurnalistlərə söyləyən Elvin Cəbizadə bildirib ki, insanlar Milli Məclisin qarşısında toplaşandan sonra o, Anar Abdulla və Firudin Səlimov ərazini tərk ediblər:
“Bizi 20 saylı məktəbin yaxınlığında polislər saxladı, dedilər ki, Milli Məclisin qarşısında polis maşını aşırılıb, binaya daxil olublar, bunlarla bağlı qısa araşdırma aparıb sonra sərbəst buraxılacaqsınız. Amma proses uzun çəkdi, birinci gün aydınlaşdırırdılar ki, guya biz orda olmuşuq. Sonradan tədricən heç birimizin baş verənlərlə bağlılığı olmadığı məlum oldu, ikinci gün hər şey polisə bəlli idi. Yaxşıya doğru vəziyyət dəyişmişdi və hamı bizim Milli Məclisin qarşısında olanlarla heç bir əlaqəmiz olmadığını bilirdi, amma buraxmırdılar. Deyirdilər ki, dəqiqləşdirmə aparılır, yeni görüntülər əldə ediblər. Biz 48 saatın bitdiyini xatırlatsaq da, onlar sona qədər araşdırma aparılacağını deyirdi”.
Elvin Cəbizadənin sözlərinə görə, çox adam saxlanıldığından müxtəlif polis bölmələrinə göndəriliblər:
“Məsələn, biz saxlanılanda 100-ə yaxın adamın tutulduğunu eşitdik”.
Fəal hər hansı üzləşdirmə olmadığını bildirib:
“Müstəntiq söhbət etdi, görüntülərlə dəqiqləşdirmə aparıldığını dedi. Amma biz iltizamla buraxılmışıq, istintaq bitənə qədər yaşayış yerini tərk edə bilmərik, yəni istintaq altındayıq. Belə başa düşdüm ki, biz şahidik”.
Elvin Cəbizadə polislərin ona rəftarından narazılığının olmadığını deyib:
“Amma saxlanma şəraiti yox idi”.
Elvin Cəbizadə onlardan yeni koronavirusla bağlı test götürüldüyünü təsdiqləyib:
“Məncə, COVİD-19 infeksiyasına yoluxma ehtimalı çox böyük idi, çünki sosial məsafə saxlanılmırdı. Maska yox idi, amma polislər təklif edirdi, məncə, bu, kömək edə bilməzdi”.
Elvin Cəbizadə telefonunun qaytarılmadığını bildirib:
“Bunun texniki məsələ olduğunu deyib iyulun 18-də qaytarılacağını söylədilər”.
O, vəkili ilə görüşə imkan verilmədiyini təsdiqləyib:
“Amma qidanın çatdırılmasında problem yox idi”.
Jurnalist saxlanılmasını məhkəmədə mübahisələndirəcəyini bildirib:
“Mən 3 gün niyə saxlanıldığımı anlamadım, çox mənasız bir iş idi”.
Jurnalist Anar Abdulla, Elvin Cəbizadə və fotoreportyor Firudin Səlimov “Orduya dəstək” aksiyasından sonra saxlanılmışdılar. Artıq hər üçü sərbəstdir.
Vəkil Elçin Sadıqov onlarla görüşə imkan yaradılmadığını qeyd etmişdi:
“Hər üç şəxs 48 saatdan artıqdır qanunsuz olaraq həbsdədir və hələ də məhkəmə önünə çıxarılmayıb. Bu isə Konstitusiyanın 28-ci, İnsan Hüquqları Konvensiyasının 5-ci, İnzibati Xətalar Məcəlləsinin 89-cu, Cinayət Prosesual Məcəllənin 148-ci maddələrinin kobud şəkildə pozulmasıdır”.
İyulun 14-də Bakıda Qarabağa dəstək yürüşü zamanı minlərlə Bakı sakini Milli Məclisin qarşısına toplanıb. Səhər saatlarına qədər davam edən yürüşü işıqlandırmaq üçün hadisə yerinə gedən jurnalistlər Anar Abdulla və Firudin Səlimov, hadisəni işıqlandıran həyat yoldaşı Aysel Umudovaya görə narahat olduğu üçün ora gedən Elvin Cəbizadə saxlanılıb. Onlar iyulun 15-i səhər saatlarında saxlansalar da, 48 saatdan artıq müddət ərzində onlardan xəbər almaq mümkün olmayıb.
Dövlət başçısı İlham Əliyev iyulun 14-də keçirilən aksiyanın hakimiyyətin siyasətinə dəstək olduğunu, amma təxribatların da həyata keçirildiyini bildirib və AXCP-ni ittiham edib.
Meydan TV[:]