[:az]Jurnalist hökmdən apelyasiya şikayəti verəcək
“Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin azadlığı 1 il müddətinə məhdudlaşdırıb. Bu barədə iyunun 19-da Xətai Rayon Məhkəməsində hökm çıxarılıb. Hökmə əsasən, T.Mirələmli əsasən sosial mediada hökuməti müdafiə edən, müxalifət təmsilçilərinin ünvanına təhqiramiz ifadələr səsləndirən bloger Ata Abdullayevi vurmaqla xuliqanlıqda təqsirli bilinib.
Azadlığın məhdudlaşdırılması cəzasının mahiyyətinə gəlincə, T.Mirələmli elektron bilərziklə gəzməli, Bakını tərk etməməli, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər isə ümumiyyətlə, evdən çıxmamalıdır.
Məhkəmədə hökmdən əvvəl T.Mirələmli son sözünü deyib. O bildirib ki, özünü təqsirli bilmir, A.Abdullayevə də xəsarət yetirməyib.
Jurnalist bir gün əvvəl prokurorun istədiyi 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına da etiraz edib.
Amma hakim prokurorun istədiyi cəzanı məqsədəuyğun hesab edib və jurnalistə həmin cəzanı təyin edib.
T.Mirələmli bildirib ki, bu cəza onu nəzarətdə saxlamağa hesablanıb. Jurnalist hökmdən apelyasiya şikayəti verəcək: “Gecə saat 23.00-dan sonra hansısa hadisə baş versə, mən çıxıb gedib material hazırlaya bilmərəm. Bu da o deməkdir ki, mənim təkcə azadlığım yox, jurnalist kimi fəaliyyətim də məhdudlaşdırılır. Bu hökm həm də siyasi məqsədlərlə ifadə azadlığına müdaxilədir”.
T.Mirələmli fevralın 26-da Xocalı faciəsinin ildönümüylə əlaqədar anım mərasimində A.Abdullayevi vurub ona xəsarət yetirməkdə ittiham olunur.
T.Mirələmli özünü təqsirli bilmir: “Təxribata çəkməyə çalışırdı, təhqiramiz ifadələr işlədirdi. Yaxınlaşıb ona dedim ki, bu cür hərəkətlərə son qoysun”.
T.Mirələmlinin üzv olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası bu cinayət təqibini son aylarda partiyaya qarşı güclənən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.
Meydan TV[:]