[:az]İyunun 19-da Neftçala rayonunun Xol Qaraqaşlı kənd bələdiyyə şurasının üzvü Vəfa Nağı DİN qarşısında təkbaşına etiraz aksiyası keçirməyə cəhd edib. Lakin o, polis tərəfindən saxlanılıb, avtomobilə oturdulub və aparılıb. Onu “20 Yanvar” metro stansiyasının yaxınlığında buraxıblar.
O, Turan-a danışıb ki, bələdiyyə şurasının rəhbəri ilə bağlı hüquq-mühafizə orqanlarına təqdim etdiyi faktlar araşdırılmır. Bələdiyyə şurasının rəhbəri ilə bağlı artıq 60-dan çox şikayət yazıb, lakin heç bir tədbir görülməyib.
“Bələdiyyədə korrupsiya faktları mövcuddur, lakin o faktlar araşdırılmır. Mən maliyyə hesabatını tələb etdiyimə görə mənə qarşı şantaj başladılar”, – V.Nağı deyib.
Fəalın sözlərinə görə, onu formal olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin regional şöbəsinə, rayon polis və DTX şöbələrinə çağırıblar, amma heç bir araşdırma aparmayıblar.
Dövlət orqanlarına korrupsiya faktları ilə bağlı müraciətlərinə görə V.Nağı mənəvi təzyiqlərə məruz qalır. “Onlar kənddə hər yerdə mənim fotolarımı yapışdırıb, üstünə Ledi Qaqa yazıb məni “rüsvay etmək istəyirlər”, – o deyib.
Öz növbəsində Xol Qaraqaşlı kənd bələdiyyə şurasının sədri Əlibala Səlimov ittihamlarla razılaşmayıb. O, qıza qarşı təqiblərə bağlı olduğunu inkar edib və V.Nağının özünü “şantaj”da ittiham edib.
“Oturur pivəxanada, qadınları pivəxanaya çağırır, deyir ki, qadın, kişi bərabərliyi, sosial bərabərlik olmalıdır. Deyir ki, qadınlar gəlsin pivəxanaya. Ona görə də kənd camaatının ona nifrəti başlayır. Camaat özü hiddətlənib, yığıncaq edib tələb edir ki, bu söhbətlərə son qoyulsun”, – Ə.Səlimov bildirib.
Korrupsiya ilə bağlı ittihamlara gəlincə, V.Nagi ondan 2019-cu il üçün, özü bələdiyyə şurasının üzvü olmadığı dövr üçün maliyyə hesabatını tələb edib.
“Mühasib 2019-cu il üçün bütün maliyyə proseslərini ona izah edib: nə qədər vəsait daxil olub, hara və nə qədər xərclənib. O, mühasibdən sənəd tələb etdi, lakin imtinadan sonra qəzəbləndi. Məsələ bundadır, o zaman V.Nağı bələdiyyə şurasının üzvü deyildi”, – o deyib.
Ə.Səlimovun dediklərinə görə, V.Nağının şikayətindən sonra müxtəlif dövlət orqanlarının yoxlamaları zamanı pozuntu aşkar edilməyib.[:]