[:az]Aynurə Heydərova: “Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməyiblər”
17 iyun – həkimlərin peşə bayramı günü Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşları etiraz aksiyası keçiriblər. Onlar bildiriblər ki, qızdırmalı vətəndaşların çağırışlarına getsələr də, onların maaşlarına artımlar əlavə edilmir. Bundan başqa, tibbi yardım maşınlarının təmirini öz büdcələri hesabına edirlər, aparatlar işlək vəziyyətdə deyil, benzin pulunu belə xəstələr ödəyir.
“Prezidentimizin verdiyi qərarlara əməl olunmur. Abşeron rayonu ərazisindəki poliklinikalara da əlavə ödənişlər edildi, ancaq bizə əlavə pul verilmədi. Biz bununla bağlı TƏBİB-ə də şikayət etdik, dedilər ki, bizlik deyil, gedib öz baş həkiminizlə danışın. Baş həkimin isə qəbuluna düşə bilmirik”, – işçilərdən biri deyib.
Təcili yardım əməkdaşının sözlərinə görə, 20 gündən artıqdır bu problemlə bağlı Prezidentə şikayət məktubu göndəriblər, ancaq hələ də heç bir cavab yoxdur:
“Bizə verilənlər də köhnə maşınlardır. Təcili yardım maşını 2007-ci il istehsalıdır. Xarab olanda təmirini də öz hesabımıza edirik.
Aksiya iştirakçısı Habil Əbdülrəhimov deyib ki, təcili yardım sürücüsüdür:
“Bu xəstəlik var, qarşısının alınması üçün də hökumət vəsait ayırıb. Öz həkimlərimizdən də iki nəfər koronavirusa yoluxub müalicə olunur. Prezidentin qərarı icra olunmur və bizə də əsaslı səbəb göstərilmir. Təcili yardımın bütün şöbələri alıb, bizdən başqa”.
“Bir sürücümüz və bir tibb bacısı xəstələnib, karantindədir. Biz də qızdırmalı adamlarla işləyirik, evlərə gedirik. Özümüzün azyaşlı uşaqlarımız var. O evlərə gedib sonra qayıdırıq körpələrimizin yanına. Biz də təhlükədəyik, niyə Prezidentin qərarı bizə tətbiq olunmasın?”
Aksiya iştirakçıları deyib ki, çatışmazlıqlarla bağlı müraciət edilən zaman işçilər hədələnir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova isə “Qafqazinfo”ya deyib ki, Abşeron rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməyiblər.
“Aksiya iştirakçıları digər çağırışlar üzrə tibbi və təxirəsalınmaz xidmət göstəriblər. Abşeron rayonu üzrə koronavirus infeksiyası ilə bağlı çağırışlara Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gedib. Bu stansiyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə 345 730.02, aprel ayı üzrə 390 903.33 və may ayı üzrə 348 910. 20 müddətli əlavələr ödənilib. Ümumilikdə 1 milyon 85 min 543 manat 55 qəpik ödənilib”.
A.Əhmədova onu da bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən müddətli əlavələr koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə şamil olunur. Agentlik tərəfindən tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələr ödənilir:
“Yanacaq və ambulansların vəziyyəti ilə bağlı şikayətlər TƏBİB tərəfindən araşdırılacaq”..
Meydan TV[:]