[:az]Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin hüquqa uyğunlu nə dərəcədədir? (Araşdırma)[:]

tərəfindən Gozetci

[:az]“Bir çox hallarda fövqəladə vəziyyətə, epidemiyalara qarşı həyata keçirilən tədbirlər və qərarlar konstitusion orqanların normal fəaliyyətinə hər hansı təsir göstərmir. Yəni mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən tədbirlər və qəbul edilən qərarlar müvafiq orqanların konstitusiya və qanunlarla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində və qanunla müəyyən edilmiş qaydada baş verir.

Məsələn Nazirlər Kabineti qonşu ölkədə heyvanlarda hansısa xəstəliyin yayılması halında həmin ölkədən müəyyən malların idxalına məhdudiyyətlər gətirə bilir. Yaxud covid-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə hərbi xidmətə çağırışın vaxtının uzaldılması ilə bağlı Milli Məclis müvafiq qanun qəbul edir.

Hər iki halda, həm NK, həm də Milli Məclis səlahiyyəti çərçivəsində hərəkət etdikləri üçün hər hansı konstitusion hüquqi mübahisənin ortaya çıxmadığı görünür.

Lakin bəzən müxtəlif fəaliyyət sahələrinə, insanların hərəkət fəaliyyətinə kütləvi qadağa və məhdudiyyətlər Konstitusiyada və beynəlxalq konvensiyalarda təminat altına alınan hüquq və azadlıqlara təsirsiz ötüşmür.

Müəyyən hüquq və azadlıqlar (işgəncə və pis rəftara məruz qalmamaq, qanunsuz cəzaya məruz qalmamaq və.s) istisna olmaqla əksər hüquq və azadlıqlar ümumi maraqlar (təhlükəsizlik, sağlamlıq, cinayətlərin qarşısının alınması kimi) naminə məhdudlaşdırıla bilərlər.

Lakin hüquq və azadlıqlara müdaxilənin hüquqi rejimi konstitusiyada, beynəlxalq konvensiyalarda, qanunlarda tənzimlənir və azadlıqlara müdaxilələr yalnız qanunda göstərilən məqsədlər naminə, zərurilik və mütənasiblik prinsiplərinə əməl etməklə həyata keçirilə bilər. Hüquq müəyyən edir ki, qanuni məqsədlərə xidmət etsə belə, məhdudiyyətlər hüququn mahiyyətini aradan qaldırmamalıdır. Başqa sözlə dövlət insan hüquq və azadlıqlarına qanunda nəzərdə tutulmuş hallarda və qaydada müdaxilə edə bilər.

Hazırda covid-19 pandemiyasına qarşı həyata keçirilən tədbirlər və müvəqqəti məhdudiyyətlərin Azərbaycan Respublikasının Fövqəladə Vəziyyət Haqqında Qanunda (maddə, 8) nəzərdə tutulan tədbir və məhdudiyyətlər ilə eynilik təşkil etməsinə, tətbiq olunan məhdudiyyətlərin milli qanunvericilikdə nəzərdə tutulmasına görə biz o qənaətə gələ bilərik ki, ölkədə de-fakto fövqəladə vəziyyət rejimi mövcuddur.

Fövqəladə hal xüsusi hüquq rejimi isə Konstitusiya və Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilən formada həyata keçirilməlidir. Çünki hüquq və azadlıqlara kütləvi qadağa və məhdudiyyətlərin xüsusi hüquqi tənzimləmə olmadan normal vəziyyət qaydaları tətbiqi ciddi konstitision-hüquqi konfliktlər yaradır.

Azərbaycan Konstitusiyasının 112-ci maddəsinə görə prezident təbii fəlakətlər, epidemiyalar və başqa səbəblərə görə fövqəladə vəziyyət tətbiq edir və fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqinə verir. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt Milli Məclis tərəfindən təsdiq edilmədikdə, o, rəsmi qaydada elan edildiyi andan 48 saat keçdikdən sonra öz qüvvəsini itirir. Yəni xüsusi hüquqi rejimdən istifadə parlamentin razılığı olduqda həyata keçirilə bilər.

Tətbiq edilən məhdudiyyət tədbirlərinin hüquqa uyğunlu haqqında

Hazırda karantin məqsədi ilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərin sağlamlığın qorunması kimi qanuni bir məqsədi olduğu şübhəsizdir. Həmçinin fövqəladə hallarda (digər zəruri hallarda) insanların həyat və sağlamlığını qorumaq üçün tədbirlər həyata keçirtmək dövlətlərin konstitusiyadan, həm də beynəlxalq müqavilələrdən irəli gələn öhdəliyi kimi çıxış edir.

30 mart 2020-ci il tarixli Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” qərarına əsasən insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılıb.

Qərarda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq həyata keçirildiyi qeyd olunur. Bununla belə NK-nin 28 fevral 2020-ci il tarixli qərarını NK-nin saytında və digər rəsmi elektron nəşrlərdə tapmaq mümkün deyil. Halbuki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməlidir. (maddə, 83.2)

Sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 25-ci maddəsində qeyd olunur ki, yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edirlər.

NK-nin istinad etdiyi Sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 25-ci maddəsindən aydın olur ki, qanunda göstərilən səlahiyyətləri icra edən qurum kimi Azərbaycan Respublikasının hökuməti qismində NK çıxış edir.

İcra hakimiyyəti olaraq, NK-nin Konstitusiyada müəyyən olunan hüquq və azadlıqları məhdudlaşdıran və ya müəyyən müddətə qadağan edən qərarlar qəbul etməsinə  konstitusion hüquq və hüququn aliliyi müstəvisində siyasi-hüquqi konflikt kimi baxmaq olar. Həm də konstitusiya və beynəlxalq müqavilələrdə təminat altına alınan insan hüquq və azadlıqlarına qanuni olmayan müdaxilə kimi də baxmaq olar. Bundan başqa sözügedən qanunun 25-ci maddəsi orada qeyd olunan orqanların yalnız öz səlahiyyətləri çərçivəsində hərəkət edərək tədbirlər görə biləcəyini müəyyən etmişdir.

Buna görə biz burada NK-nın səlahiyyət məsələsinə nəzər yetirəcəyik.

Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinə əsasən dövlət orqanları yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanunu (maddə, 19) müəyyən edir ki, NK Konstitusiyanın və Prezidentin aktları əsasında və onların icrası məqsədi ilə səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar (normativ hüquq akt) qəbul edir.  Normativ hüquqi akt isə tənzimlənməsi Konstitusiya, qanun və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən qəbul edilə bilər. Yəni Nazirlər Kabineti qanuna istinad edərək hüquq və azadlıqları məhdudlaşdıran normayaratma orqanı kimi çıxış edə bilməz. Çünki qanunun 25-ci maddəsi NK-a yalnız səlahiyyətləri çərçivəsində hərəkət etmək, Konstitusiya və Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu isə Konstitusiya və Prezident aktları əsasında onların icrası məqsədi ilə normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti verib. Nəticə etibarı ilə Nazirlər Kabinetinin hazırda hüquq və azadlıqlara tətbiq etdiyi qadağaların konstitusion hüquqi əsasları mövcud deyil. Çünki Konstitusiyada icra hakimiyyəti orqanına hüquq və azadlıqlara müdaxiləedici səlahiyyətlər verilməsi nəzərdə tutula bilməz.

Bundan başqa Konstitusiyanın 94-cü maddəsinə əsasən cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi Milli Məclisin müəyyən etdiyi ümumi qaydalara aiddir.

Karantin rejimi ilə bağlı tətbiq edilən inzibati xətalara ilə bağlı

İnzibati Xətalar Məcəlləsində müəyyən edilən (maddə 211) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması dedikdə qanunu tətbiq edənlər NK-nin yuxarıda qeyd olunan qərarla müəyyən etdiyi qaydaların tələblərini nəzərdə tuturlar.

İnzibati cəza tədbirlərinin tətbiqi ilə bağlı qaydalara görə isə inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

İnzibati Xətalər Məcəlləsinin 24.2-ci maddəsi müəyyən edir ki, xəbərdarlıq bu inzibati xəta üzrə müvafiq maddədə nəzərdə tutulduqda tətbiq oluna bilər. Belə olan halda isə hər bir halda müvafiq orqanlar 211-ci maddədə müəyyən olunan ən yüngül tənbeh tədbiri kimi fiziki şəxslər üçün yüz manat inzibati cərimə cəzası tətbiq edirlər.

Praktikada şəxslər üçün ağır maddi çətinlik yarada biləcək cəzaları tətbiq edilərkən cəza tətbiq edilən şəxsin əmlak vəziyyəti barədə izahatlarının hansı formada diqqətə alındığı qeyri müəyyəndir. Nəticədə isə belə inzibati cərimə cəzalarının mütənasibliyi və zəruriliyi qiymətləndirilmədən tətbiq edilir.”

Emin Abbasov – hüquqşünas[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az