[:az]Bakının Yasamal rayonunda polisin iyunun 8-də keçirdiyi əməliyyatda saxlanan Kərim Süleymanlı azad edilib.
Bu barədə AzadlıqRadiosuna vəkil Cavad Cavadov məlumat verib. C.Cavadovun sözlərinə görə, dünən, iyunun 8-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə həbs olunmuş K.Süleymanlı bu gün, günorta saatlarında azadlığa buraxılıb: “Hansı əsasla buraxıldığı mənə hələ ki, məlum deyil. Apellyasiya Məhkəməsi olmayıb”.
K.Süleymanlının anası Gülər Süleymanova vəkilin sözlərini təsdiqləyib: “Kərim buraxılsa da, hələ ki, evə gəlib çıxmayıb. Onu möhkəm döyüblər. Başqa bir söz deyə bilmərəm. Vəkili gözləyirik”.
G.Süleymanova sosial şəbəkələrdə yayılan videoda polisin “dovşan” dediyi qadındır. Onun əməliyyat zamanı iki oğlu saxlanıb.
Daxili İşlər Nazirliyi iyunun 8-də yaydığı açıqlamada əməliyyatda ümumilikdə 11 nəfərin saxlandığını vurğulamışdı.
Bu deyilənlərə Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Amma DİN, bir qayda olaraq, polis və təcridxanada saxlananlara işgəncə verilməsi ilə bağlı şikayətləri yalanlayır.
Yasamal rayonunda saxlanan digər 10 şəxsin taleyinə isə, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.
Vətəndaşa ‘dovşan’ deyən polis işdən çıxarılıb
İyunun 8-də Bakının Yasamal rayonunda vətəndaşa “dovşan” dediyi bildirilən polis əməkdaşının artıq orqandan xaric edildiyi açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, iyunun 7-də Yasamal rayonunda polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb: “Araşdırma zamanı əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.
Bu açıqlamaya, hələlik, həmin polis əməkdaşının özündən münasibət almaq mümkün olmayıb.
Qadın polisə getmədiyini deyir
“Mənə zəng gəlib. Ancaq mən Bakı Baş Polis İdarəsinə getməmişəm”.
Bunu AzadlıqRadiosuna Bakının Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binanın sakini, polislə arasında gərginlik yaşandığı bildirilən Gülər Süleymanova deyib.
O, daha sonra da bunları əlavə edib: “Mənə zəng ediblər ki, gəlin üzrxahlıq olsun. Mən də qayıtdın ki, mən təhqir olunmuşam, bu, elə bir şey deyil ki, hə, üzr istəyin, oldu keçdi. Mən anayam, mənim özümü təhqir ediblər, mənim oğlumu, gəlinimi. Necə bağışlamaq olar? Necə keçmək olar? Həqiqətən məni çağırıblar, amma mən getməmişəm”.
Qadından üzr istəndiyi, polisin vəzifədən çıxarıldığı deyilir
“İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərinə məişət əşyaları atanlar saxlanarkən çəkilmiş videogörüntülər araşdırılıb. Bu zaman polis əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib”. Bunu Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, bu, bağışlanmaz hal kimi qiymətləndirilib.
“Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib”, – E.Zahidov bildirib.
Sosial şəbəkələrdə yayılan videoda iyunun 7-də baş verən olaydan bir gün sonra, iyunun 8-də keçirilən əməliyyat zamanı polis işçilərindən birinin binanın qadın sakinlərindən birinə və onun həyat yoldaşına xitabən “dovşan” dediyi müşahidə edilib. Sonradan sosial şəbəkələrdə bu video qızğın müzakirə edilib. Bir çox sosial şəbəkə istifadəçisi yazıb ki, polis həmin ifadə ilə qadını və onun həyat yoldaşını təhqir edib.
DİN sözçüsünün üzr istəməklə bağlı dediklərini, hələlik, həmin qadınla danışıb dəqiqləşdirmək mümkün olmayıb.
DİN: ‘Araşdırma aparılır…’
“İstər polis əməkdaşı, istərsə də vətəndaşın yol verdiyi hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sosial şəbəkələrdə polisin və vətəndaşların bəzi davranışı ilə bağlı yer almış videokadrlara münasibət bildirərkən deyib:
“Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib”.
Bakı polisi iyunun 7-də və 8-də Yasamal rayonunda əməliyyat keçirib. Həmin əməliyyatla bağlı sosial şəbəkələrdə bir xeyli video yayılıb..
Yasamalda 11 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda baş verən insidentlə bağlı açıqlama yayıb.
Açıqlamaya görə, dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. DİN-in qeyd etməsinə görə, o zaman həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
Rəsmi açıqlamaya görə, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.
“Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir”, – məlumatda yazılıb.
Bu məlumata, hələlik, saxlanan şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Polis Yasamalda əməliyyat keçirib
Bu gün, iyunun 8-i səhər saatlarında çoxsaylı polis qüvvələri Bakının Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binada əməliyyat keçirib. Binanın sakinlərindən saxlananlar var.
Bina sakinlərindən birinin AzadlıqRadiosuna bildirməsinə görə, əməliyyat səhər saat 6 radələrində başlayıb, bir xeyli sakinin saxlanması ilə müşahidə edilib. Həmin şəxsin vurğulamasına görə, saxlananlardan biri yarıçılpaq vəziyyətdə olub.
Adının çəkilməsini istəməyən sakin əlavə edib ki, iyunun 7-si binadan bəzi şəxslər həftəsonu sərt karantin qaydalarını pozaraq küçəyə çıxıblar və bu hal polisin müdaxiləsi ilə nəticələnib. Onun sözlərinə görə, küçəyə çıxmaq yasağını pozan sakinlərin saxlanması zamanı binanın balkonlarından birindən polisə əşyalar atılıb.
“Konkret olaraq nə qədər sakinin saxlandığını bilmirik. Amma binanın girişində çoxsaylı polis qüvvələri və maşınlar cəmlənmişdi. Həmin şəxslərin hara aparılmaları barədə də məlumata malik deyilik”, – sakin vurğulayıb.
Həmin şəxsin bildirməsinə görə, sözügedən bina ilə üzbəüz binalardan birinin də bir sakini saxlanıb.
“Turan” informasiya agentliyi olayla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O qeyd edib ki, DİN yaxın saatlarda bu hadisə ilə bağlı açıqlama yayacaq.
Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimdir. İyunun 6-sı saat 00-dan iyunun 8-i saat 6:00-a qədər (həftəsonu, şənbə və bazar günləri) küçəyə çıxmaq yasağı tətbiq edilmişdi.
Azadlıq Radiosu[:]