[:az]Bu, vətəndaşa əlillik təyin olunmasına, xəstəliyə görə hər ay 130 manat məbləğində sosial müavinət almasına əngəl yaradır
“Sənədləri göndərəndə qəsdən tam doldurmurlar, ona görə də Tibbi-Sosial Ekspert Komissiyası qəbul etmir, tam doldurulması üçün geri qaytarır. Və bu, uzun müddətdir ki, belə davam edir. Saatlı rayon Mərkəzi Xəstəxanasında bizdən açıq-aşkar rüşvət istəyirlər. Demir “gətir rüşvət ver”, deyir, “hörmət elə, şirinlik ver””…
Saatlı sakini 27 yaşlı Fəridə İsayeva Meydan TV-yə danışır ki, 14 yaşından talassemiyadan əziyyət çəkir. Ancaq illərdir ki, əlillik dərəcəsinin təyin olunması üçün müraciət etsə də, əlillik dərəcəsi ala bilmir. Fəridə xanım bunu rüşvət verməməsi ilə əlaqələndirir.
“Xəstəxana rüşvət istəyir”
“2 uşağım var, ailə vəziyyətimiz olduqca ağırdır, həyat yoldaşım bir neçə il əvvəl avtomobil qəzası keçirib, kəllə sümüyü 9 yerdən yarılıb, 1-ci qrup əlildir, cəmi 250 manat pensiya alır. Həyat yoldaşımın valideynləri ilə bir evdə qalırıq, onlar da ağır xəstədilər. Yoldaşımın pensiyası həm dolanışığımıza, həm də mənim dərmanlarıma xərclənir, heç çox vaxt öz dərmanlarını ala bilmir. Xəstəxana gah düzgün rəy yazmır, gah sənədi Komissiyaya yarımçıq göndərir, beləcə də vaxt gedir. Özüm xəstə, yoldaşım xəstə, iki azyaşlı uşaq, kasıbçılıq, qayğılar, bütün bunlara görə Bakıya şikayətə gedə bilmirik. Getsək belə, xeyri olmur. Bu yaxınlarda yoldaşım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getdi, ordan da “gedin, xəstəxana sənədləri göndərsin, baxaq”, – deyib, yola saldılar. Xəstəxana da dediyim kimi, sənədləri eyni qaydada – natamam yazıb göndərir. Nazirlik həmin sənədlərə əsaslanıb əlillik dərəcəsi təyin edə bilmir”, – şikayətçi danışır.
“Hər ay Bakıya gedirəm, mənə qan vurulur”
Fəridə xanım deyir, adamlar əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxanaya 500, 100 manat rüşvət verib rəy alırlar:
“Həkimlər deyir, ayda əlillik dərəcəsi təyin edilməsi üçün rüşvətlə 23-25 adama rəy verilir. Deyirlər, gərək yuxarıdan da tapşırıq ola ki, bu rəylər verilə… Hər ay Bakıya gedirəm, Qanköçürmə İnstitutunda mənə qan köçürülür. Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun epiqrizində də xəstəliyim barədə ətraflı məlumat qeyd olunub. Talassemiya sağalmaz qan xəstəliyidir. Bu xəstəliyə tutulan adama ömrünün sonunadək qan vurulur. Həkimlər deyir, əlillik dərəcəsinin təyin olunması bu xəstəliyin təsiri altına düşür, buna görə mənə 2-ci qrup əlillik təyin olunmalı, xəstəliyə görə ömürlük müavinət verilməlidir. Hazırda bu müavinətin məbləği 130 manatdır. Versələr, dərmanlarımı özüm alaram, yoldaşım da pensiyası ilə öz dərmanlarını alar, hər dəfə dərmanlarına görə pul axtarmaz. Pensiyası mənim dərmanlarıma xərclənir deyə, özü bəzən aylarla dərmanlarını alıb qəbul edə bilmir, vəziyyəti ağırlaşır. Adamın kəlləsində 9 yerdən sınıq var, dərmanlarını vaxtında qəbul etməlidir ki, həyatda qalsın”.
Xəstəxana: “Rüşvət söhbəti yoxdur, texniki səhv var”
Saatlı Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, Fəridə İsayevadan rüşvət istənilməyib, sənədləri də saxtalaşdırılmayıb. Sənədlər aidiyyəti quruma göndərilərkən natamam doldurulub, vacib olan kod texniki səbəbdən qeyd edilməyib. Qeyri-iş günləri bitdikdən sonra sənədlərin tamamlanıb göndərilməsi təmin olunacaq.
Qeyri-iş günləri olduğuna görə baş həkim Səidə Şahpələngovanın özü ilə əlaqə saxlayıb vətəndaşın şikayətinə daha ətraflı münasibət öyrənmək mümkün olmayıb.
Meydan TV[:]