[:az]“Prezidentə yaxınlaşa bilmədim, məktubum əlimdə qaldı”
“Artıq 4-cü binanı təhvil verirlər, mənzilləri ehtiyacı olmayanlara paylayırlar, mənə isə deyirlər ki, sən hələ gözlə… Sürüşmənin ortasında qəzalı evdə yaşayan hərbi əlil ailəsi kimi bizə hər dəfə evə köçənləri kənardan seyr etmək qalır”.
Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsində yaşayan Adil Bəkirov Meydan TV-yə danışır ki, ötən ilin fevralında baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşüb. Həmin vaxt evə baxış keçirən Fövqəladə Hallar Komissiyası qəzalı tikili kimi siyahıya daxil edib. Ailəyə bildirilib ki, qəzalı vəziyyətə düşmüş, üstəlik də sürüşmə zonasında yerləşən evin tamamilə dağılması mümkündür və ailə evi tərk etsə, yaxşı olar. Ancaq Bəkirovlar ailəsinin getməyə yeri olmadığına görə evdə yaşamağa davam edib.
Dağıntı altında qalmaq qorxusu…
“Bizim ev “yolkalıq” deyilən ərazidə yerləşir. Hamı bilir ki, bura sürüşmə zonasıdır. Divarlarda, tavanda, döşəmədə iri çatlar var, bir dəfə güclü yağıntı olsa, evin dağılmasına kifayətdir. Özüm ikinci qrup hərbi əliləm. İcra hakimiyyətinin Kommunal Təsərrüfat İdarəsində fəhləlik edirəm, ən aşağı maaş alıram, dövlətdən heç bir sosial dəstək görmürəm, maaşım çörəyimizə, suyumuza çatmır heç… Onsuz da bu qədər çətinliyimiz var, bir tərəfdən də dağıntı altında qalmaq qorxusu…”, – şikayətçi deyir.
Adil Bəkirovun sözlərinə görə, Şamaxı Rayon İcra Hakimiyyətindən ona zəlzələdən zərərçəkmişlərə tikilən binalardan mənzil veriləcəyi vəd olunub, ancaq o, hələ də gözləməkdədir:
“Artıq dördüncü binanı təhvil verirlər, mənzilləri ehtiyacı olmayanlara paylayırlar, mənə isə deyirlər ki, sən hələ gözlə… Sürüşmənin ortasında qəzalı evdə yaşayan hərbi əlil ailəsi kimi bizə hər dəfə evə köçənləri kənardan seyr etmək qalır”.
“Əlillik pensiyası ilə tikdiyim otaq dağıldı”
Ötən il Şamaxıyla eyni vaxtda Ağsuda da zəlzələ baş verib. Üstəlik, təbii fəlakət avqust ayında təkrarlanıb. Nəticədə xeyli tikiliyə zərər dəyib. Ağsu şəhəri, Tariyel Xasıyev küçəsində yaşayan bir əlil ailəsinin uzun müddətə və əziyyətlə tikdiyi bir otaq da dağılıb. İndi ailə qohumların evinə sığınıb. Ailə başçısı Natiq Nuriyev danışır:
“Bir otaq, bir də balaca mətbəxi 4 ilə tikdim. Uşağın əlillik pensiyasıyla hissə-hissə kərpic aldım, evini təmir edən tanışlar da köhnə qapıdan, pəncərədən verdilər, birtəhər tikib başa vurdum. Elə içərisinə köçməyə hazırlaşırdıq ki, fevralda zəlzələ oldu, evin divarları çat verdi, köçə bilmədik, düzəltməyə də imkanımız olmadı. Prezident əvvəl Şamaxıya gəldi, ondan bir ay sonra Ağsuya gəldi, kim bacardısa, məktubunu verə bildi, mən Prezidentə yaxınlaşa bilmədim, məktubum əlimdə qaldı. Prezident burda həkimin, məmurun evlərinə baxış keçirtdi, tapşırıqlar verdi, o evlər əsaslı təmir olundu, hətta həmin evlərə gedən və əvvəldən bərbad vəziyyətdə olan yolları da düzəltdilər, çəkib göstərdilər. Bizim evə yaxın da düşmədilər. İkinci dəfə avqustda zəlzələ oldu, tamamilə yararsız vəziyyətə düşdü”.
“Dedi, qanunsuz tikmisən, sənə kömək düşmür”
Natiq Nuriyev deyir, bir neçə ay əvvəl icra hakimiyyəti başçısının qəbulunda olub. Ona bildirilib ki, tikili qanunsuz olduğuna görə qəzalı evlərin siyahısına salınmayıb:
“Mən arabaya məhkum 1-ci qrup əlil uşağa baxıram, üstəlik, gözləri də 60 faiz görmür. 5 ildir işləmirəm, uşağın 12 yaşı var, yoldaşıma ağırlıq qaldırmaq olmaz, ona görə də uşağa özüm baxıram. Yoldaşım tibb bacısı işləyir, maaşı çox aşağıdır. İki uşaq, ondan biri əlil, yoldaşım, mən babamdan qalma köhnə, şəraitsiz evdə yaşayırdıq. Nəmişlik, şəraitsizlik əlil övladımın səhhətini daha da ağırlaşdırırdı. Hökumətin eləməli olduğunu uşağın əlillik pensiyası ilə özüm eləmişdim, buna görə məmur vətəndaşa “sağ ol” deməlidir ki, vətəndaş gedib yaxasından sallanmır, onun vəzifəsinə düşəni özü həll edir. Əvəzində başçı mənə deyir, onsuz da qanunsuz tikmişdin, bizlik deyil. Neyləməliydik, cənab başçı, əlil uşaqla küçədə qalmalıydıq?”
Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Adil Bəkirovun evi ilə bağlı deyilənlər Fövqəladə Hallar Komissiyasına yönləndiriləcək ki, araşdırılsın.
Ağsu Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Natiq Nuriyevin evi qanunsuz tikili olduğuna görə müvafiq komissiya tərəfindən qəzalı tikililər siyahısına salınmayıb. Narazılığı varsa, məhkəməyə müraciət edə bilər.
Meydan TV[:]