[:az]
Aprelin 2-də Bakı İstintaq Təcridxanasında saxlanılan dustaqlardan biri internet vasitəsilə (onlayn) keçirilən məhkəmə nəticəsində həbsdən azad edilib. Bu haqda AzadlıqRadiosuna onun vəkili Adəm Məmmədov danışıb.
Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Sahib Mustafayev 9 aydır ki, həbsdə idi. O, CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanır. Onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bitsə də, istintaq yekunlaşmayıb. Ona görə də prokurorluq həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat verib. Aprelin 2-də Xətai rayon Məhkəməsində təqdimata onlayn qaydada baxılıb.
Məhkəmə prosesi zamanı işə baxan hakim, vəkil, təqdimatı müdafiə edən müstəntiq Xətai rayon Məhkəməsində, təqsirləndirilən şəxs isə təcridxanada olub.
“Bakı İstintaq Təcridxanasında məhkəmə zalı var. Hüquqlarını müdafiə etdiyim şəxs də oradan bizimlə onlayn şəkildə, görüntülü danışırdı”, – vəkil A.Məmmədov bildirib.
Məhkəmənin sonunda hakim Bəxtiyar Məmmədov prokurorluğun təqdimatını təmin etməyib. Təqsirləndirilən S.Mustafayev haqqında həbs müddətini uzatmaqdan imtina olunub.
“Təqsirləndirilən şəxsin mimikasını görmürsən”
Bu, Azərbaycanda ilk onlayn məhkəmə prosesi deyil. Bu təcrübə ötən ildən tətbiq edilir. Onlayn qaydada ilk pilot dindirmə Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə olub. Həmin məhkəmə iclasında dövlət ittihamını müdafiə etmiş prokuror Heydər Yusifzadə sosial şəbəkələrdə bu haqda fikirlərini bölüşərkən bildirib ki, onlayn qaydada dindirmə heç də həmişə uyğun olmur:
“Bəzən dindirməyə yaramır. Məsələn, təqsirləndirilən şəxsin mimikasını görmürsən. Səmimiliyini, ümumiyyətlə, cavab verəndə reaksiyasını görmək, duymaq olmur. Amma başqa tədbirlər üçün əla vasitədir”.
Vəkil A.Məmmədov da hesab edir ki, onlayn qaydada dindirmə bəzi hallarda məqsədəuyğun olmur: “Müdafiə taktikasını qurmaq da çətin olar”.
Onlayn qaydada ilk pilot dindirmə keçirilən məhkəmə prosesinin hakimi R.Qurbanov həm də 2018-ci ilin dekabrından Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidentidir.
Azadlıq Radiosu[:]