[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov aprelin 2-də yenidən saxlanılıb. Onu iki nəfər mülki geyimli şəxs iş yerindən naməlum istiqamətə aparıb. Fəal son dörd gündə ikinci dəfə saxlanılıb.
“Bu gün, aprelin 2-də saat 12-də mənə zəng etdilər ki, Aqili apardılar. Bundan öncə isə bir qadın həyətimizə gəlmişdi ki, guya Aqil onu söyüb. O iki nəfər kişinin də Aqildən şikayət etdiyini dedi. Özünü Hacı xanım kimi təqdim edən qadından soruşdum ki, Aqil onu nə vaxt təhqir edib. Gah dedi bir ay qabaq, sonra dedi on gün qabaq. Soruşdum Aqilin paltarı necə idi, üz cizgiləri necədir? Çaşıb qaldı. Aqilin saxlanılması dünənki tənqidi çıxışı ilə bağlıdır,“ Aqil Hümbətovun həyat yoldaşı Aygül Hümbətova Amerikanın Səsinə deyib.
Aygül Hümbətova hazırda həyat yoldaşının harada olduğu barədə məlumatsızdır.
“Ancaq onu bilirəm ki, üzünə adam qoyub onu həbs etmək istəyirlər. Martın 30-da dəlixanaya salmışdılar. Aprelin 1-də sərbəst buraxdılar. O, dünən Facebook-da canlı yayım edərək başına gələnlərdən, dəlixanadakı acınacaqlı durumdan danışdı. Hökuməti tənqid etdi. Bu gün yenidən saxladılar,” o qeyd edib.
Turan[:]