[:az]Seymur Azadov aclıq aksiyasına başladığını deyir
“Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə və onun əlaltıları rayonda at oynadırlar. Mənə üç dəfə torpaq satıb, pulumu alıb, əvəzində saxta sənəd veriblər. Hər dəfə də onlardan aldığım ərazidə avtomobil təmiri sexi tikmişəm. Sonradan torpaq sahibləri gəlib söküblər. Bir müddət öncə bu haqsızlığa görə intihara cəhd göstərdim. Bununla bağlı rayon prokurorluğunda cinayət işi açılsa da, heç bir nəticəsi yoxdur”.
Bu sözləri Meydan TV-yə 2019-cu il sentyabrın 19-da intihara cəhd edən Göyçay sakini Seymur Azadov söyləyir.
Dediyinə görə, Göyçay Rayonu Prokurorluğu tərəfindən onun intihar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılan cinayət işi naməlum səbəblərdən üç aydır ki, yubadılır:
“Göyçay Rayonu Prokurorluğu işi uzadır. Dəfələrlə narazılıq etmişəm, amma nəticəsiz qalıb. Baş Prokurorluğun 961 Çağrı Mərkəzinə zəng elədim. Onlara bildirdim ki, cinayət işinin gedişatından narazıyam. Bundan sonra Göyçay Rayon Prokurorluğundan məni çağırdılar ki, iş hələ gedir. Təkrar yenə çağrı mərkəzini yığdım, narazılığımı bildirəndən sonra Baş Prokurorluğun üç rayon üzrə nümayəndəsi gəldi. Məni rayon prokuroru Muxtar Eminovun otağında qəbul etdi. Dedi ki, Seymur Azadov, bunlar üçün 125-ci maddə heç nədir. Gərək özünü öldürəsən ki, biz onlara qarşı cinayət işi açaq. Söz tapmadım deməyə, prokurorluq işçisi mənə belə deyirsə, ümidim ancaq ölkə başçısına qalır.
Prezidentdən kömək istəyirəm, Göyçay Rayon İcra Hakimiyyətindəki məmurlar məni özünəqəsdə məcbur edirlər. Üç ildir ki, bunlar mənə üç dəfə saxta yer satıblar. Mehdi Səlimzadənin əlaltıları başıma açmadıqları oyun qalmayıb. Onlara verdiyim pul, çəkdiyim xərc və əsəblərim gedib. Mənə o qədər zülm ediblər, danışmaqla bitmir.
Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar İntiqam Süleymanovla böyük məsləhətçi, mühəndis Kamil Qasımov məndən pulu alıb, başıma da bu oyunu açıblar”.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət məktubları yazan Seymur Azadovun dediyinə görə, bundan sonra icra hakimiyyəti tərəfindən ona ödəniləcək məbləğin bir hissəsi qaytarılıb:
“Əvvəlcə üç il öncə olan pul haqq-hesabını boyunlarına almırdılar. Deyirdilər ki, guya mənə yeri pulsuz veriblər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məktub yazdım, iş böyüyəndən sonra mənə cəmisi min manat pul qaytardılar. Guya ki, ilin sonunadək bütün pulu ödəyəcəkdilər. İl də artıq başa çatmaq üzrədir. Tikintidə dəymiş ziyan 3700 manat idi. Bu sonuncu yerin də sənədi yoxdur. Öz halal pulumu onlardan ala bilmirəm. Qalmışam, pis vəziyyətdə. Yazıb-pozuram, gəlib, baxırlar, deyirlər ki, bura örüş yeridir. Buranı sənə niyə veriblər? Qanunsuz yerdir”.
Şikayətçinin sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən gəlib əraziyə baxış keçiriblər. Bildiriblər ki, verilən torpaq sahəsini sənədləşdirmək olmaz:
“Dedilər ki, səni yenə aldadıblar. Bu yerə artıq sənəd verilmir. Çıxılmaz vəziyyətə düşmüşəm. Dəfələrlə Mehdi Səlimzadənin qəbulunda olmuşam. Mənə təhqir dolu sözlər yağdırıb. Gəlib evimdən aparıblar, beş-altı nəfərin təzyiqi ilə üz-üzə qalmışam.
Ümidim hər yerdən üzülüb artıq üç gündür ki, aclıq aksiyasına başlamışam. Prezident görsün ki, bu məmurlar məni hansı vəziyyətə qoyub. Aclıq aksiyası keçirirəm, mənə deyirlər ki, cəhənnəmə keçir, istəyirsən öl. Ailəmi də bu aclıq aksiyasına qoşacağam. Onlardan istədiyim odur ki, pulumu və mənə satdıqları torpağın sənədini versilər. Dörd uşaq saxlayıram. İnsan nə qədər fikir cəkər. Bu, sahibkarlıq yox, zülm oldu. Prezidentin də sərəncamı var ki, sahibkarlara şərait yaradılsın, amma məhəl qoyan yoxdur. Bunlar bizim qanımısı içirlər. Sonuncu dəfə satdıqları torpaqda avtomobil təmiri sexi tikirdim, işləri dayandırdım, yan-yörəsi açıqdır. Qışın günü oturmuşam burda ki, beş-üç manat pul qazanım. Amma tikməyə qorxuram ki, bu dəfə də kimsə gəlib, sökdürəcək.
İntiqam Süleymavov bugünlərdə mənə dedi ki, pulun qalan hissəsi ödəniləcək, həmçinin torpağa sənəd də veriləcək. Söyləyir ki, bayrama kimi gözlə, bir az səbrli ol, hər şey düzələcək. Bilirəm ki, hamısı yalandan vədlərdir, üç ildir məni aldadırlar”.
Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri İntiqam Süleymanov Meydan TV-yə açıqlamasında ittihamçı tərəfin söylədiklərini əsassız adlandırıb. Əlavə edib ki, vətəndaşa satılan torpaq sahəsinin sənədləri Dövlət Reyestri İdarəsində qeydə alınıb:
“Bu adam reketlik etməkdən yorulmur. Biz də ona qarşı məhkəmədə vəzifəli şəxsə qarşı şər-böhtan atması ilə bağlı iddia qaldıra bilərik. Amma özümüzü o səviyyəyə salmaq istəmirik, sadə vətəndaşdır, zərər yoxdur.
İcra Hakimiyyəti tərəfindən tikintiyə aid olan bütün sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmuşdu. Həmin qurum ləğv olunub, səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verilib. Orada da struktur dəyişikliyi gedir. Yaxın zamanlarda həmin adama mülkiyyət hüququ veriləcək”.
Göyçay Rayon Prokurorluğundan məsələyə münasibət bildirilməyib.
Meydan TV[:]