[:az]Yağış suları evin içinə dolur, uşaqların böyrəkləri, ciyərləri xəstədir
“Evimizin dam örtüyü demək olar ki, yoxdur, eləcə, əlimizə keçən şiferləri düzmüşük. Yağış başımıza yağır. Azyaşlı uşaqlarım var, ayaqları tutulur, ciyərləri, böyrəkləri xəstədir. Kanalizasiyamız yoxdur, ətrafımız çirkab sulardır. Xəstəliyin, ölümün içində yaşayırıq”.
Bunları Meydan TV-yə Şirvan şəhəri, Neftçilər küçəsi 3 a ünvanda yaşayan Günay Kərimova deyir. Onun sözlərinə görə, azyaşlı övladlarına görə özü işləyə bilmir, həyat yoldaşı sürücüdür, ona da iş yoxdur. Nəticədə ailənin durumu dözümsüz vəziyyətə çatıb.
“Şəraitimizi necə quraq, çörəyi hardan qazanaq?”
“Atam öz pensiyası ilə azdan-çoxdan kömək edirdi, o da dünyasını dəyişdi. O rəhmətə gedəndən sonra vəziyyətimiz lap ağırlaşdı. Aclığa birtəhər dözmək olar, ancaq bu yağış, qar başımıza yağır, buna dözmək olmur. Yaşamağa yerimiz yox idi, qayınatamgilin həyətinin bir küncündə atamın köməkliyi və borc-xərclə balaca bir ev tikdik ki, uşaqlar çöldə qalmasın. Ancaq damını bağlamağa imkanımız olmadı, şiferləri düzdük ki, açıq qalmasın. Yağış başlayandan əşyalarımız suyun altında qalıb. Yağışın qarşısını almaq üçün şiferlərin böyür-başına döşək, yastıq yığmışıq. Özümüz birtəhər ev düzətlmişik, heç olmasa damını bağlamağı da dövlət eləsin. Uşaqpulu yox, sosial yardım yox, iş yox, əkməyə torpaq yox, saxlamağa heyvan yox, gəlir yox, biz necə yaşayaq? Şəraitimizi necə quraq? Çörəyi hardan əldə edək ki, acından ölməyək?”
“Çirkab sularımız qonşuların evinin altına axır”
Tikdikləri evə kanalizasiya xətti çəkilmədiyindən ailə özü çirkab sular üçün arx yaradıb, bu da qonşuların narazılığına səbəb olub:
“Bizim çirkab sular qonşuların həyətlərinə, evlərinin altına axdığı üçün hər gün mübahisə düşür. Aidiyyəti qurumlara müraciət edirik, həll etmir. Bu problemi aidiyyəti qurumlar həll etməlidir, müraciət edirik ki, gəlib kanalizasiya xəttini həyətimizə birləşdirsinlər, müraciətlərimizə cavab vermirlər”.
Kərimovlar ailəsinin daha bir problemi də tikdikləri evin sənədləşdirilməsi ilə bağlıdır.
“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular”
Günay Kərimova ailənin sosial problemlərinə çarə tapmaq üçün Şirvan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun qəbuluna da gedib:
“İcra başçısının qəbuluna getdim, binanın qarşısında acınacaqlı vəziyyət vardı. Başçının qəbuluna düşmək mümkün deyildi. Bir qadın telefonu çıxartdı, istədi video çəksin, internetdə paylaşsın ki, prezident vəziyyətdən xəbərdar olsun. Ancaq polislər yerə yıxıb, qollarını burdular, telefonu əlindən aldılar. Mən yalvar-yaxarla, birtəhər başçının qəbuluna düşə bildim. Mənə qulaq asdı, bir nəfəri çağırdı, dedi, bu xanımın problemlərini araşdırmağı sənə tapşırıram. O da məni çölə çıxartdı, dedi, danış, görək, nə məsələdir. Mən ona bütün problemlərimizi danışdım. Dedi, sən səhv ünvana gəlmisən, burda belə problemlər həll olunmur. Dedim, necə yəni, səhv gəlmisən, bura rayonun icra hakimiyyətidir, mən də vətəndaşam, prezident bu başçını təyin edib ki, mənim kimi vətəndaşın problemlərini həll etsin. Əgər başçı mənim problemlərimi həll edə bilməyəcəksə, nə iş görür, niyə maaş alır? Dedi, hara istəyirsən, şikayət et, sənin problemlərin bizlik deyil. Sonra da uzaqlaşıb getdi. Mən təzədən başçının qəbuluna düşmək üçün binaya daxil olmaq istəyəndə, polislər buraxmadı, dedilər, sən artıq başçının qəbulunda olmusan”.
“Ömrümüz “cv” ata-ata başa çatdı”
Ailənin başçısı Kamal Kərimov uzun müddətdir ki, iş axtarışında olduğunu deyir:
“Şirkətlərə “cv” atıram, hamısı boş şeylərdir, vaxt itkisidir. Ömrümüz “cv” ata-ata başa çatdı. Heç yerdə işə qəbul yoxdur. Burda “Şirvan OİL” var, atam orda uzun illər işləyib. O dünyasını dəyişəndən sonra getdim, dedim, yeri boşdur, məni onun yerinə işə götürün. Dedilər, tapşırıq olmasa, mümkün deyil. Şirkətin direktorunun qəbuluna düşmək mümkün deyil, gərək Bakıdan SOCAR-dan tapşırıq ola ki, qəbuluna girə bilim. Mən də sizin vasitənizlə ona müraciət etmək istəyirəm ki, məni qəbul etsin, orda fəhlə, sürücü işləri var, xahiş edim, mənə iş versin, balalarıma çörək gətirim, evimin damını əsaslı təmir edim, bağlayım, bizim də insan kimi yaşamaq haqqımız var. Külək tez-tez şiferləri uçurdur, ev üstü açıq qalır. Yağış uşaqların yatağının içinə yağır”.
İcra hakimiyyəti: “Aidiyyəti qurumlara müraciət etsinlər”
Şirvan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Kərimovlar ailəsi iş üçün rayon Məşğulluq Mərkəzinə müraciət etməlidilər. Dam örtüyünə görə kömək üçün bələdiyyəyə, kanalziasiya xəttinin çəkilməsi, təzə tikilinin sənədləşdirilməsi üçün də aidiyyəti qurumlara müraciət etməlidilər: “Biz yalnız bunu edə bilərik ki, ailə bizə məktub göndərsin, biz də o müraciətləri aidiyyəti qurumlara yönləndirək. Qurumun büdcəsində vətəndaşın evinin təmiri üçün maliyyə vəsaiti nəzərdə tutulmayıb, biz kanalizasiya xətti çəkmirik. Ancaq nədənsə vətəndaşlar belə problemlərinə görə aidiyyəti qurumlara yox, məhz icra hakimiyyətinə yazır. Hər qurumun öz sahəsi, öz vəzifəsi, səlahiyyəti var”.
Meydan TV[:]