[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmovun səhhətindəki problemlər haqda xəbər yayılandan sonra onun cəzalandırıldığı iddia olunur. AXCP üzvlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, A.Məhərrəmovun sağlıq durumundakı problemlərə baxmayaraq, onun müalicəsinə imkan verilməməsi barədə məlumatlar ictimailəşəndən sonra o, cəzaçəkmə müəssisəsində təzyiqə məruz qalıb.
«Aqil Məhərrəmovu cəza kamerasına (kars) salıblar. 5 saat hər iki tərəfi yelçəkən soyuq yerdə saxlayıblar. Birbaşa səbəbini deməyiblər. Amma qeyri-rəsmi məlumatlara görə, Müalicə Müəssisəsinə köçürülməməsi haqda məsələnin ictimailəşməsiylə bağlıdır», – AXCP-dən belə deyilib.
A.Məhərrəmov Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, A.Məhərrəmovun cəzalandırılması barədə deyilənlər yalandır: «Mən araşdırdım, məlum oldu ki, Aqil Məhərrəmov cəzalandırılmayıb, cərimə kamerasına salınmayıb. Yayılan məlumatlar həqiqəti əks etdirmir».
A.Məhərrəmovun müalicəyə ehtiyacı olduğu halda, ona lazımi tibbi yardım göstərilməməsi, Müalicə Müəssisəsinə köçürülməməsi haqda iddialara gəlincə, M.Sadıqov bunu da təkzib edir. Deyir ki, istənilən məhkumun sağlam olması, səhhətində problem yaranarkən erkən vaxtda müalicə alması Penitensiar Xidmətin də marağındadır: «Müalicə Müəssisəsinə köçürülmə həkim rəyi ilə olur. Həkimin göstərişi olanda Penitensiar Xidmət də icra edir. Mümkün deyil ki, hansısa məhkumun tibbi yardıma ehtiyacı olsun, ona yardım göstərilməsin».
Yaxınlarının bildirdiyinə görə, A.Məhərrəmov ayağını rahat şəkildə yerə basa bilmir, diz qapağı ətrafında sınıq və ya çatların olması ehtimalı var. O, ailə üzvlərinə bildirib ki, yeriyərkən müvazinətini saxlaya bilməyərək bir neçə dəfə yıxılıb: «Müalicə müəssisəsinə köçürülməsi üçün dəfələrlə rəhbərliyə müraciət etməsinə baxmayaraq, hələ də heç bir tədbir görülmür».
Azadlıq Radiosu[:]