[:az]Apelyasiya Məhkəməsi əvvəlki məhkəmə qərarını dəyişib
Noyabrın 25-də Bakı Apelyasiya Məhkəməsi jurnalist Sevinc Abbasovanın (Vaqifqızı) 1000 manat cərimələnməsi haqqında qətnamə çıxarıb. Məhkəmə həmçinin jurnalistin 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarova barəsində şərəf və ləyaqəti aşağılayan bilgilər yaydığına görə üzr istəyib və təkzib verməsi haqqında qərar verib.
Prosesə hakim Etibar Nəbiyev sədrlik edib.
Məlumatı Meydan TV-yə vəkil Zibeydə Sadıqova verib.
Məhkəmə işinin predmeti 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı çəkilib-yayılmış video görüntülərdir. Jurnalist 251 nömrəli məktəbdən yaydığı görüntülərdə E.Alandarova 25 saylı Nizami II Seçki Dairəsinin hər iki məntəqəsində görünür və səsverməyə nəzarət edirdi. Meydan TV həmin görüntüləri “Karuselə nəzarət edən direktor müavini” başlığı ilə təqdim etmişdi.
Direktor müavini Elmira Alandarovanın iddiasına əvvəlcə Binəqədi Rayon Məhkəməsi baxmışdı və iddia qismən təmin olunmuşdu. Məhkəmə hesab etmişdi ki, şərəf və ləyaqətin aşağılanması iddiası əsaslı deyil, təzminat və üzr istəmək tələbi rədd edilməlidir. Məhkəmə yalnız “Karuselə nəzarət edən direktor müavini” sərlövhəsini həqiqətə uyğun olmayan saymışdı.
Bugünkü prosesdə məhkəmə bu qərarı dəyişib və iddianı təmin edib:
“Məhkəmənin qərarına görə jurnalistin hazırladığı material ləkələyicidir və buna görə 1000 manat təzminat ödənilməlidir”.
Vəkil deyib ki, qərardan Ali Məhkəməyə, daha sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək
Meydan TV[:]