[:az]Baş nazir Əli Əsədovun məhkəməyə çağırılması istənildi[:]

tərəfindən Gozetci

[:az]Baş nazir Əli Əsədovun məhkəmədə dindirilməsi tələb olunub. Səbəb isə onun bu vəzifədən öncə prezidentin köməkçisi olarkən – 2019-cu il aprelin 26-da Bakı şəhəri İcra Hakimiyyətinə ünvanladığı məktubdur. Həmin məktub əsasında Yasamal rayonu, Mirzağa Əliyev-150 ünvanındakı (paytaxtın «Beşmərtəbə» adlanan ərazisi-red.) üçmərtəbəli binanın sökülməsinə qərar verilib.

Binanın sakinlərinin bir qismi onlara ödənilən kompensasiyanı alıb evlərini tərk eləsələr də, qalanları verilən məbləğlə razılaşmırlar. Ona görə də binadan çıxmaqdan imtina edirlər. Bu üzdən Yasamal rayon İcra Hakimiyyəti binanın 20-dən artıq sakinini məhkəməyə verib. Məhkəmədən həmin sakinlərin icra hakimiyyətinin müəyyən etdiyi məbləğ ödənilməklə, mənzillərdən çıxarılması barədə qərar verilməsi istənilib.

Kvadratmetrinə 3 min manat deyiblər…

Məhkəmədə sakinlər də Bakı şəhəri İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Polis İdarəsinə qarşı iddia qaldırıblar.

İcra hakimiyyəti iddia edir ki, sözügedən binada hər an uçma təhlükəsi var. Hələ 1989-cu ildə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarıyla bina qəzalı hesab edilib, oradakı bəzi ailələr köçürülüb.

«Lakin 1991-1993-cü illərdə Qarabağ hadisələri ilə əlaqədar köçürülmə işləri tam başa çatdırılmayıb. Binanı 1993-cü ildə məcburi köçkünlər və yerli sakinlər zəbt edib», – icra hakimiyyətinin iddia ərizəsində belə yazılıb. Vurğulanıb ki, Fövqəladə Hallar Nazirliyi də binanın yaşayışa yararsız olması barədə rəy verib. Daha sonra prezidentin köməkçisi bu məsələ ilə əlaqədar məktub göndərib və onun əsasında da Bakı şəhəri İcra Hakimiyyəti başçısı sökülmə qərarını verib.

Sakinlərə mənzillərin hər kvadratmetrinə görə 1500 manatdan pul ödənilir. Köçürmə haqqı üçün də 500 manat nəzərdə tutulub.

Qarşılıqlı iddia ərizəsi verən sakinlər isə kompensasiyanın məbləğini çox az saymaqla yanaşı, deyirlər ki, bina möhkəmdir. Hətta 2000-ci ildə Bakıdakı zəlzələdən də ziyan çəkməyib.

«2014-2016-cı illərdə binanın fasad hissəsini icra hakimiyyəti təmir etdirib, eyvanlar yeniləri ilə əvəzlənib. Təxminən 3 il əvvəl baş nazirin ozamankı müavini Abid Şərifov və Yasamal rayonunun ovaxtkı başçısı İbrahim Mehdiyev gəlib dedi ki, bina söküləcək. Bundan sonra icra hakimiyyətinin memarları gəldilər, bildirdilər ki, hər kvadratmetrə görə 3000 manat kompensasiya ödəniləcək. Bu ilin iyulunda isə 1500 manatdan pul veriləcəyini deyib, evlərdən çıxmağı tələb etdilər», – sakinlərin məhkəmədə söylədikləridir.

Baş nazirin çağırılması tələbi rədd edildi

İcra hakimiyyətiylə razılığa gəlib köçənlərin evləri sökülüb. Narazı sakinlər deyir ki, bina artıq yaşanmaz vəziyyətə gətirilib.

Aytən Mirəliyeva deyir ki, onun 52.18 kvadratmetrlik mənzilinə icra hakimiyyəti 78 min 770 manat kompensasiya verir. Halbuki, evinin bazar dəyəri 173 min 500 manatdır. Bu haqda «Əmlak ekspert mərkəzi» MMC-nin rəyi var.

Vera Yusifova bildirir ki, ona 56 min 480 manat kompensasiya təklif olunur. Amma şəhərin mərkəzində ikiotaqlı mənzilin qiyməti belə ola bilməz: «Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov (bir həftə öncə Suraxanı rayonuna eyni vəzifəyə göndərilib-red.) və digər vəzifəlilər mənim mülkiyyət hüququmu kobud şəkildə pozurlar. 2016-cı ildə insult keçirmişəm, hərəkətim məhdudlaşıb. İcra hakimiyyətinin başçısı və işçiləri mənim bu vəziyyətimdən istifadə edib, kobud davranırlar, qanunsuz hərəkətlər edirlər».

Sakinlər bu olaylarda polis əməkdaşlarının da onlara qarşı kobud davrandığını vurğulayır.

Sakinlərin hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev baş nazir Əli Əsədovun məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil deyir ki, Ə.Əsədov gəlib, prezidentin köməkçisi olarkən verdiyi göstərişi əsaslandırmalıdır. Amma vəkilin və sakinlərin bu tələbi rədd edilib.

Hakim Emin Mehdiyev Yasamal rayon İcra Hakimiyyətinin iddiasını təmin edib. İcra hakimiyyətinin təklif etdiyi kompensasiya ilə onların məcburi şəkildə mənzillərindən çıxarılmasına qərar verilib.

Sakinlərin qarşılıqlı iddiası isə rədd edilib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az