[:az]
Müsavatçıların polisə aparıldığı deyilir
Müsavat Partiyasının bir neçə üzvünün polisə aparıldığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna bu gün, noyabrın 12-də partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı danışıb.
O bildirib ki, dünən, noyabrın 11-də saat 10:00-da Binəqədi rayon Polis İdarəsinə gedən başqan müavini Razim Əmiraslanlıdan hələ də xəbər yoxdur. Onun qeyd etməsinə görə, bu gün, noyabrın 12-də səhərdən partiyanın Siyəzən rayon təşkilatının sədri Mərdan Mehdili, Xətai rayon təşkilatının sədri Qəzənfər Baxışov, partiyanın Nərimanov rayon təşkilatının fəalı Valeh Hümmətoğlu evlərindən polis bölməsinə aparılıb: «Bir neçə dəqiqə əvvəl mənə zəng edərək, evindən partiya qərargahına yola düşdüyünü bildirən partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin telefonuna zəng çatmır. Onun polis tərəfindən saxlanıldığını ehtimal edirəm».
G.Aslanlı bütün bunları onların bugünə nəzərdə tutduqları piketlə əlaqələndirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Azadlıq Radiosu[:]