[:az]
“Ehtimal edirəm ki, Mikayıl Cabbarov haqda sərt yazılarıma görədir”
“Xural.com” saytının baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. O, noyabrın 10-da Türkiyəyə gedərkən ona ölkədən çıxış qadağasının qoyulduğunu bildiriblər.
Bu barədə Meydan TV-yə danışan Əvəz Zeynallı 1 ay əvvəl Türkiyədə olduğunu xatırladaraq deyib ki, ölkədən çıxış qadağası onun üçün gözlənilməz olub:
“Çünki Ədliyyə Nazirliyinin saytında ölkədən çıxışıma qadağa qoyulmadığı qeyd edilib. Vergi İdarəsinin saytında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat bölümündə şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini yazdım, bildirildi ki, sizin ölkədən getmək hüququnuz məhdudlaşdırılmayıb. Deməli, bu iki nazirlikdə ölkədən getmək hüququm məhdudlaşdırılmayıb. Sual yaranır, əgər qadağa qoyulubsa, niyə mənə xəbər verməyiblər? Bunları nəzərə alıb noyabrın 12-də məhkəməyə müraciət edəcəm, artıq vəkilim Elçin Sadıqovla razılaşmışıq”.
Əvəz Zeynallı bildirib ki, 2012-ci ildə həbs olunanda Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə onun haqqında Vergilər Nazirliyinə 4076 manat ödəmə şərtini kəsib:
“Ancaq ondan sonra əfv olundum, ardınca bütün müvafiq instansiyalarda bu məsələ ilə maraqlandım, məlum oldu ki, əfv ediləndə bütün borclar da silinir. Nəhayət, ötən illərdə dəfələrlə xarici ölkələrə səfər etdim, elə sentyabr ayında Türkiyədə oldum. İndi birdən-birə rəsmi xəbərdarlıq edilmədən qadağa qoyulur və nazirliklərin saytında da bu barədə heç nə yoxdur. Ehtimal edirəm ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov haqqında sərt tənqidi yazılarım onun qəzəbinə gəlib və ölkədən çıxışıma qadağa da buna görə qoyulub”.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbs olunub. Jurnalist külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham edilərək 9 il azadlıqdan məhrum edilib.
Əvəz Zeynallı 2014-cü ilin 29 dekabrında imzalanan əfv fərmanı ilə azad edilib.
Meydan TV
[:]