[:az]20-dən çox müsavatçının polisə çağırıldığı deyilir[:]

tərəfindən Gozetci

[:az]«Noyabrın 8-də Binəqədi rayon Polis İdarəsinə (BRPİ) çağırılmışdım. Çağırılmağımın səbəbi Müsavat Partiyasının noyabrın 12-də keçirilməsini nəzərdə tutduğu piket idi».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

G.Aslanlı deyib ki, haqqında danışılan aksiyanın icazəsiz olmasını polisdə ona vurğulayıblar: «Mən də dedim ki, bu icazəni Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsi verir və hər kəs sərbəst toplaşmaq hüququndan istifadə edə bilər».

Onun sözlərinə görə, rayon polis idarəsində təqribən 15-20 dəqiqə olub: «Amma elə oradan çıxan kimi Binəqədi rayonu 7 saylı Polis Bölməsindən zəng etdilər ki, bölməyə gəlim. Noyabrın 9-na da Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət ediblər».

G.Aslanlı vurğulayıb ki, hazırda əldə etdikləri məlumata görə, Müsavat Partiyasının son günlər 24 üzvü polisə çağırılıb.

Bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək və deyilənlərə oradan münasibət almaq mümkün olmayıb.

Müsavatçıların polisə çağırılması davam edir
«Müsavatçıların polisə çağırılması halları davam etməkdədir».

Bunu AzadlıqRadiosuna bu gün, noyabrın 8-də Müsavat Partiyası Mərkəzı İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. O deyib ki, Azər İsmayil və Cahangir Əmirxanlıdan sonra da polisə çağırmalar olub: «Gəncədə partiya üzvü Cahangir Əmirxanlı noyabrın 7-də polisə çağırılmışdı, noyabrın 11-nə yenidən çağırılıb. Dünən, noyabrın 7-də daha bir müsavatçı fəal da Gəncə Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bundan başqa, Salyan rayonunda da müsavatçıların polis şöbəsinə çağırılması halları baş verib».

G.Aslanlı AzadlıqRadiosuna deyib ki, bu gün, noyabrın 8-də onun özünü Binəqədi, partiyanın Nizami rayon təşkilatının sədri Zakir Məmmədzadəni də Nizami rayon Polis İdarəsinə çağırıblar.

Hələlik, bu deyilənlərə nə sözügedən rayonların polis idarələrindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.

Müsavatçılar polisə çağırıldıqlarını deyir
Müsavat Partiyasının üzvü Cahangir Əmirxanlı da bu gün, noyabrın 7-də Gəncə Şəhər Baş Polis İdarəsinə çağırıldığını bildirir.

C.Əmirxanlının AzadlıqRadiosuna deməsinə görə də, polis idarəsinə Müsavat Partiyasının noyabrın 10-da keçirilməsi nəzərdə tutulan, amma artıq ləğv olunan mitinqi ilə bağlı çağırılıb: «Mənə dedilər ki, eşitmişik, siz icazəsiz mitinqdə iştirak etmək istəyirsiniz? Mən də dedim ki, mitinqin icazəlisi-icazəsizi yoxdur. Konstitusiyada təsbit edilir ki, vətəndaşın, siyasi qüvvələrin sərbəst toplaşmaq azadlığı var. Şəhər rəhbərliyi aksiyanın Lökbatanda keçirilməsini təklif edib. Partiya buna görə imtina edib. Amma hansısa bir aksiya olacaq. Məndən soruşdular ki, siz gedəcəksiniz? Dedim ki, hələ qərar verməmişəm, aksiya təyin edilsin, ona uyğun qərar qəbul edəcəyik».

C.Əmirxanlının sözlərinə görə, ona bildirilib ki, noyabrın 11-də yenidən polis idarəsinə gəlməlidir.

Müsavatçının bu dediklərinə, hələlik, Gəncə Şəhər Baş Polis İdarəsindən münasibət almaq cəhdləri nəticə verməyib.

+++

Dünən, noyabrın 6-da Müsavat Partiyası başqanının müşaviri Azər İsmayılın polisə çağırıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib. Onun sözlərinə görə, A.İsmayıl başqan müşaviri təyin ediləndən dərhal sonra Sabirabad Rayon Polis Şöbəsinə çağırılıb: «Azər İsmayıla zəng vuraraq rəisin onu görmək istədiyini bildirdilər…».

A.İsmayılın özü isə noyabrın 7-də AzadlıqRadiosuna bunları deyib: «Məni noyabrın 6-da Sabirabad Rayon Polis Şöbəsinə çağırdılar və əsas məsələ də Müsavat Partiyasının noyabrın 10-da keçirilməsini nəzərdə tutduğu mitinqlə bağlı idi».

A.İsmayıl deyib ki, polis şöbəsində ona noyabrın 10-da keçiriləcək mitinqdə iştirak edib-etməyəcəyi ilə bağlı sual veriblər: «Mən də dedim ki, siz qəzet oxumursuz, xəbərləri izləmirsiniz? Həmin mitinq ertələnib».

Başqan müşaviri vurğulayıb ki, əgər mitinq ertələnməsydi yəqin, ona təzyiq, saxlanma ola bilərdi.

A.İsmayılın sözlərinə görə, daha sonra partiya ilə bağlı da ona bir sıra suallar verilib: «Dedim ki, sorğulamaq istəyirsinizsə, rəsmi çağırış göndərin, gəlim, orada baxarıq ki, həmin sualları cavablandıracağam, ya yox».

A.İsmayıl deyib ki, təqribən 10 dəqiqə çəkən danışıqdan sonra sərbəst buraxılıb.

Bu deyilənlərə, hələlik, Sabirabad Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə insanlara baxışlarına və dinc siyasi fəaliyyətlərinə görə basqılar olmur.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az