[:az]“Əgər qərar obyektiv olmayacaqsa, hüquqi addımlarımızı davam etdirməkdə israrlıyıq”
Oktyabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “arqument.az” saytının qanunsuz bloklanması ilə bağlı məhkəmə prosesi keçirilib.
Bu barədə Meydan TV-yə saytın baş redaktoru Şəmşad Ağa məlumat verib.
Baş redaktor deyib ki, onlar qanunsuz bloklanmaya görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia qaldırıblar:
“Növbəti məhkəmə dekabrın 3-nə təyin edildi. İşə ilkin baxış olacaq. Nazirliyin hüquqşünasları, həmçinin verdiyimiz vəsatətə uyğun olaraq, Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov məhkəmədə iştirak etdi. Onlar dedilər ki, saytı nazirlik bloklamayıb. Hakim Elçin Məmmədov bildirdi ki, cavabdeh tərəf kimi nazirlik deyil, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti olmalıdır”.
Şəmşad Ağa deyir ki, hakim növbəti prosesə cavabdeh kimi nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətini çağıracaq:
“Yenə də nazirliyin əməkdaşları etibarnamə olmadan məhkəmədə iştirak etdilər. Biz isə bildirdik ki, saytların bloklanması məhz nazirliyin səlahiyyətindədir və indiyə qədərki bütün proseslərdə məhz nazir Ramin Quluzadə iddiaçı tərəf kimi məhkəmələrə müraciət edib saytları bloklayıb. Dekabrın 3-də qərar verilməlidir. Əgər qərar obyektiv olmayacaqsa, hüquqi addımlarımızı davam etdirməkdə israrlıyıq”.
Azərbaycanda 2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun”a dəyişiklik edilib, icra qurumuna məhkəmə qərarı olmadan elektron resursları bloklamaq hüququ verilib.
Elə həmin il Azadlıq Radiosu, MeydanTV, “Azadlıq” qəzetinin saytları məhkəmə qərarı ilə bloklanıb. Bundan başqa, 2018-ci ildə Gəncənin icra başçısına edilən sui-qəsddən sonra da bəzi saytların bloklanması haqda qərar çıxarılıb.
Yerli və beynəlxalq müşahidəçilər həmin qanunu mürtəce adlandırır və ilk gündən əleyhinə çıxırlar.
Meydan TV[:]