[:az]Tofiq Yaqublunu 1 saat əvvəl təcili yardımla hospitala aparıblar. Ancaq hara aparıldığı bilinmir. Bu məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi “Facebook” səhifəsində paylaşıb.
=====
Qeyd edək ki, 30 sutka inzibati cəza alan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işgəncəyə məruz qaldığı bildirilir.
Nigar Həzinin sözlərinə görə, atası oktyabrın 21-də zəng edərək işgəncəyə məruz qaldığını bildirib:
“Ona şiddətli işgəncələrin verildiyini dedi, qabırğası sınıb. Atam təcili həkim müayinəsi tələb edir. Əgər Tofiq Yaqubluya bir şey olsa, bütün məsuliyyət İlham Əliyevin üzərindədir”.
Nigar Həzi bu gün atası ilə görüşə gedəcəyini qeyd edib:
“Vəkili ilə görüşüb müqavilə imzalayacam. Sonra vəkili görüşə gedəcək”.
Tofiq Yaqublu oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının “28 may” metrostansiyasının önündə təyin etdiyi mitinq zamanı həbs olunub. O, 30 sutka inzibati cəza alıb.
Həmin gün AXCP-dən 10 nəfərin saxlanıldığı və onların inzibati cəza aldığı bildirilib:
“AXCP Sumqayıt şöbəsindən məclis üzvü Cabbar Savalanlı Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 20 sutka, Gəncə şöbəsindən Bəxtiyar Yusubov 19 oktyabrda saxlanılıb, növbəti gün Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 sutka, partiyanın Ali Məclis üzvü Nicat Abdullayev 10 sutka, Saatlı rayon şöbəsindən Abış Astanov Saatlı Rayon Məhkəməsinin qərarı ilə 10 sutka, Hacıqabul rayon şöbəsindən İdrak Şirəliyev, Əlizamin Həsənov 10 sutka, Nəsimi şöbəsindən Baba Süleymanov 30 sutka, Şirvan şöbəsindən Rəşad Həsənov, Rəşad Qədirov 15 sutka, Yevlax şöbəsindən Natiq Əfəndiyev 10 sutka inzibati cəza alıblar”.
Sabiq müstəntiq Rüfət Səfərov isə 30 sutka inzibati cəza alıb.[:]