[:az]Qobustan sakini polisin hərəkətsizliyindən şikayətçidir
“Evimi soyublar, əşyalarımı sındırıb, darmadağın ediblər. Polis işi araşdırmır, şikayətimizə baxmır. Azmış kimi oğrular oğlumu hədələyirlər ki, şikayətini geri götür, yoxsa bu kəndi sənə dar edəcəyik. Mən də oğlumu və ailəsini də götürüb, gətirmişəm işlədiyimiz Sabirabada. Həm başımıza iş gəlib, həm də yerimizdən-yurdumuzdan olmuşuq. Bu dərdi kimə deyim?”
Əslən Qobustanın Təklə-Mirzəbala kəndindən olan, hazırda isə Sabirabadda məskunlaşan Qızxanım Ağayeva belə deyir.
Bildirir ki, evindən olan-qalan 634 manatlarını, 1 ədəd mis su səhəngi və xalçalarını oğurlayıblar. Azmış kimi evdə qalan digər əşyalarını sındırıb-töküblər:
“Elə bilərsən, düşmənçilikləri olub bizimlə. Gəlinin cehiz gətirdiyi qab-qacaqları, stol, stullarımızı qırıq-qırıq ediblər. Götürdüklərini götürüb, yerdə qalanları isə yararsız hala salıblar. İndi deyərsiniz ki, 4 xalça nədir ki, ya da 634 manat nə çox puldur. Bala, vallah, bizim üçün çox böyük şeylərdir. O xalıların ikisinə keçən il 500 manat verib almışdım. Biri nənəmin anasının əl işi idi. Qiyməti yoxdur mənim üçün. Digərini isə özüm, öz əllərimlə toxumuşdum. Oğurlanan pul da bizim üçün az sayılmır. O pulu qazanmaq üçün 3 ay işləyirik. Yoldaşım, yaşlı adamdı, o pulu qazanmaqdan ötrü budur, səhərdən axşamacan qoyun güdür”.
Qızxanım Ağayeva həyat yoldaşı Akif Ağayevlə bərabər mövsümdə Sabirabadda köçür. Burada fermerlərin heyvanlarını otarır, onların həyət-bacalarına baxırlar:
“Kənddə iş tapmaq mümkün deyildi. Biz də bir tikə çörək ucbatından düşmüşük küçələrə. Qobustandakı evdə isə oğlum yaşayıdı. Uşaq qonşu kənddəki restoranda işləyirdi. Birtəhər ailəsini dolandırırdı. Biz də azdan, çoxdan, olandan göndərirdik. Birtəhər başımızı dolandırırdıq. Ta ki evimizdə oğurluq olancan. Bu oğurluq təkcə bizi əşyalarımızdan yox, həm də yurd-yuvamızdan etdi”, – Akif Ağayev belə deyir.
Əlavə edir ki, oğruların artıq kimlər olması onlara bəllidir. Həmin insanlar oğlunun qarşısını kəsib şikayət ərizəsini geri götürmələrini, əks halda ona Qobustanı dar edəcəklərini söyləyir, hədələyirlər:
“Mənim də əlacım kəsilib. Oğlumu da, ailəsini də yığıb gətirmişəm Sabirabada. Nə edim, əlimdən başqa heç nə gəlmir. Buradakı şərait də heç yaxşı deyil. Mal-heyvana baxmaq üçün gəlmişik. Balaca bir daxmadır. 6 nəfər sığışmışıq ora. Nətər oldu bilmirəm, amma həm bizim evimiz soyuldu, həm də kəndimizdən olduq”.
Akif Ağayev polisin işi normal araşdırmamasından şikayətlənir. Deyir, faktiki bu işi kimlərin gördüyü bəllidir, ancaq haqlarında bir tədbir görülmür:
“Polis işi düzgün araşdırmır. Nə cinayətkarları tutur, nə də gedəndə bizə normal bir cavab verir”.
Qızxanım Ağayeva deyir ki, kənddəki evlərinin şəraiti pis deyil. Oğlu Sadiq Ağayev də orada yaşadığından heç vaxt şikayət etməyib. Hər şeyləri qaydasında olub:
“5 sot torpaqdı. İçində də normal bir ev tikmişik. Oğlum qonşu Çuxanlı kəndindəki kafedə və yanındakı avtoyuma məntəqəsində işləyirdi. Sentyabrın 9-da (2019) evimiz oğurlanana qədər hər şey qaydasında idi. Sonra hər şey pərən-pərən oldu. Bu polis işi niyə araşdırmır, bizə aydın deyil. Təsəvvür edin, polisin işə normal yanaşmamasından da şikayət etmişik. Ona da baxılmır. Polis şübhəli bilinən Nurlan Dəmirovdan və Ariz Hüseynovdan izahat alıb. Bu barədə məlumatımız var. Qalan əsas cinayəti törətməkdə şübhəli bildiyimiz Aydın Müseyib oğlu Müslümov isə hələ polisə gətirilməyib”.
Akif Ağayev deyir ki, şübhəli bildikləri Nurlanın anası və atası onlara gəlib, şikayətlərini geri götürmələrini, oğurlanan əşyalarımızın pulunu ödəyəcəklərini deyiblər:
“Onlar bunu bizdən həm də polis şöbəsində xahiş etdilər. Kəndin bələdiyyə sədri Natiq Babayev şahiddir. Onun yanında minnətçi oldular. Dedilər ki, oğulları hadisə vaxtı evdə yox, çöldə olub. Eləcə də Arizin atası Pənah Hüseynov da bizə gəlib, əvvəlcə şikayəti geri götürməyi xahiş etdi. Biz cavab verdik ki, işi polis araşdırır. Həmin gecə Arizin atası yenidən evimizə gəlib, bizə hədə-qorxu gəldi ki, hadisəni özünüz törətmisiniz, sizi həbs etdirəcəyəm. Buradan da hər şey aydındır. Ancaq polis heç bir iş görmür”.
Akif Ağayev deyir ki, bu, son illər kəndlərində baş verən ilk oğurluq hadisəsi deyil. Onların evinə qədər 20-dək evdə oğurluq edilib. Ancaq heç birinin üstü açılmayıb:
“Hazırda polisin əsas oğrunu işə cəlb etməməsinə görə hesab edirik ki, bu oğurluq da digərləri kimi açılmayacaq. Ona görə də evlərində oğurluqlar olmuş bütün kənd sakinləri və qohumların hamısı polisin bacarıqsızlığından çox narazıdırlar. Hətta istəyirlər ki, etiraz olaraq Qobustan-Şamaxı avtomobil yolunun Acıdərə hissəsini 30 dəqiqəlik kəssinlər. Bunun olmaması üçün xahiş edirik, işimizi araşdırsınlar”.
Qobustan Rayon Polis İdarəsinin növbətçi hissəsindən bildirilib ki, əgər vətəndaş başına gələn hər hansı neqativ hadisə ilə bağlı polisə şikayət veribsə, deməli, iş araşdırılır:
“Bir günün içində olmur bu işlər. Bəzi hallarda uzana bilir. Polis hər gün onlara nə iş gördüyü ilə bağlı açıqlama verməli deyil. Şikayət veriblər, güvənsinlər. Açılan heç bir iş araşdırılmadan saxlanmır. Ola bilməz ki, şikayət ola, ancaq iş araşdırılmaya. Vətəndaş bir az səbrli olsun, iş gedir”.
Meydan TV[:]