[:az]Astara rayonun Sekaşan kənd sakini Əfqan Əliyev uşaqlarına məktəbli forması ala bilmədiyini söyləyir. O bunu imkansızlıqla, işsizliklə bağlayır:
“Üç uşağım var, ikisi məktəblidir. Biri də bu il hazırlığa getməlidir. Uşaqların geyimləri, çantaları, dəftərləri, qələmləri yoxdur. Həm bahadır, həm də imkanım yoxdur. Kəndimiz dağda yerləşir. Burda çəkməsiz keçinmək mümkün deyil. Qış tez gəlir və uzun çəkir. Ona görə geyimləri möhkəm olmalıdır. Hesablamışam, hər uşaq 180 manat xərc istəyir”.
Kənd sakinin bildirməsinə görə, çətinliklər bununla bitmir. Ə. Əliyevin vurğulamasına görə, hər dəfə uşaqlar piyada qonşu kənddəki məktəbə getməli olurlar:
“Bizim kənddə məktəb yoxdur. Kəndin işığı yoxdur, yol bərbaddır. Sakinlərin çoxu burdan köçüblər. Uşaqlarım qonşu kənddə məktəbə gedirlər. Məktəblə kənd arasında 3 kilometr yoldur. Burdan piyada gedirlər qonşu Vəznəş kəndinə, orda da məktəb yoxdur. Ordan da məktəbin yerləşdiyi Şuvi kəndinə yollanırlar. Uşaqları özümüz aparırıq. Kəsə yolla gedirik, elə yerlər var ki, uşaqları dalımıza alırıq. Çox vaxtı uşaqları Şuvi kəndində tanışların evlərində saxlamlı oluruq. Xüsusən qış aylarında. Kənar bir yerdə uşaq nə qədər qalar?”
Əfqan Əliyev işsiz olduğunu deyir:
“Ailəmizdə işləyən yoxdur.Fərdi təsərrüfatım sıfır vəziyyətindədir. Bizi Allah saxlayır.”
O deyir ki, prezident kəndə elektirik xəttini çəkmək üçün vəsait ayırıb.Amma işlər ləng gedir:
“May ayında gəldilər, kabel çəkdilər. Bəzi yerlərdə dirək basdırıblar, elə də qalıb. Bu il burada işıq görəcəyimizə, inanmırıam. Prezidenti aldadırlar. Şəraitsizliyin nəticəsidir ki, burada insanlar qalmır.Ailələr məktəbli uşaqlarına görə, köçüb gediblər. Bir mənim ailəmdə məktəbli uşağı var. Vəziyyətimlə bağlı rayon icra hakimiyyətinə getmişdim. Yol bərbad vəziyyətdə olduğuna görə Astara şəhərinə günorta saatlarında çatdım.Halbu ki, şəhərlə kənd arasında 10-15 kilometr yol var. Məni başçının yanına buraxmadılar. Dedilər ki, başçıya məktub yaz, poçtla göndər. Mən də yazıb göndərmişəm. Bilmirəm nə olacaq? Həftəinin birinci günü dərsdir. Uşaqlarımın dərsə getməsini istəyirəm. Görünür bu mümkün olmayacaq.”
Astara şəhərində yerləşən Təhsil Nazirlyinin ragional idarəsindən bildiriblər ki, aztəminatlı ailələr üçün pulsuz məktəbli forması nəzərdə tutulmayıb.
Astara Rayon İcra Hakimiyyəti Aparatı-ndan isə bunları bildirdilər:
“Demişik ona, məktəbli forması verəcəklər. Keçən il ona məktəbli forması verdik, gəlib götürmədi. Daxili imkanlar hesabına ona məktəbli forması veriləcək. O dağ ərazisində yaşayır. Həmkarlar təşkilatının xətti ilə köməklik ediləcək”
Bir müddət bundan əvvəl “Bakı Tikiş Evi” Açıq Səhimdar Cəmiyyətinin satış şöbəsinin rəisi Etibar Əzizov mətbuta bildirmişdi ki, aztəminatlı ailələrin övladalrına vermək məqsədi ilə Təhsil Nazirliyi 10 min məktəbli forması sifariş edib:
“Təhsil Nazirliyi hər il bu nəcib təşəbbüsü davam etdirir. Bu il də nazirlik 10 min məktəbli formasının alınaraq aztəminatlı ailələrdə və internatda böyüyən uşaqlara verilməsi üçün bizə müraciət edib. Məktəbli forması Təhsil Nazirliyinin hesabına alınaraq uşaqlara paylanacaq”.
Azadlıq Radiosu[:]