[:az]Həbsdəki hüquqşünas aclığa başlayıb[:]

tərəfindən Gozetci

[:az]Avqustun 7-də Əliabbas Rüstəmovun şikayətinə Ali Məhkəmədə baxılacaq

Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsində iyulun 25-dən aclığa başlayıb.

Bu haqda məlumatı Əliabbas Rüstəmov özü telefonla jurnalistlər Şahvələd Çobanoğlu və Vidadi Məmmədova bildirib.Vəkillərinin yanına gələ bilməməsinə görə Əliabbas Rüstəmov aclıq aksiyasını yalnız indi ictimailəşdirə bilib.

Əliabbas Rüstəmov qanunsuz həbs edildiyini və girov saxlanıldığını söyləyib. Həbs olunanadək Vəkillər Kollegiyasının üzvü olan Ə.Rüstəmov ona qarşı açılan cinayət işinin saxta olmasını sübut edən sənədlərin olduğunu deyir.

Bu ilin mart ayında cəzasının 2/3-dən çox hissəsinin keçməsi ilə əlaqədar olaraq azad edilməsi ilə bağlı şikayəti təmin edilməyib.

Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsinin keçmiş rəhbərliyinin onun barəsində saxta sənəd tərtib etdiyini deyib. Həmin sənədə görə Ədliyyə Nazirliyi yanında ictimai komissiya onun vaxtından əvvəl azad olunmaması barədə rəy verib. Ə.Rüstəmovun vəkili Cavad Cavadlı məhkəməyə bildirib ki, komissiya məhbusun özü ilə görüşmədən belə rəy verə bilməz. Məhkəmədən sonra komissiyanın üzvü Səadət Bənanyarlı Meydan TV-yə bildirib ki, həqiqətən də, onlar heç vaxt Əliabbas Rüstəmovun məsələsinə baxmayıblar və deyilən rəyi verməyiblər.

Avqustun 7-də eyni şikayətə Ali Məhkəmədə baxılacaq. Əliabbas Rüstəmov saxtakarlığa son qoyulmasını və azadlığa buraxılmasını tələb edir. Ə.Rüstəmov yerli və beynəlxalq hüquq müdafiəçilərini, Azərbaycan ictimaiyyətini onun məsələsini diqqətdə saxlamağa çağırıb.

Ə.Rüstəmovun digər vəkili Elçin Sadıqov iyulun 30-da onunla görüşə gedəcəyinə bildirib. Vəkil Ə.Rüstəmovun aclıq aksiyası keçirməsindən xəbərsiz olduğunu bildirib.

Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

İttiham aktına görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir. Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az