[:az]’Məni nə Gəncədə tutublar, nə də üstümdə narkotik olub…'[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə həbs olunan şəxslər arasında Əli Rzayev var. Ona ötən il iyulun 10-da Gəncədə kütləvi iğtişaşların təşkili, polisə müqavimət göstərmə ilə yanaşı, narkotik ittihamı da verilib. İddia olunur ki, o, Gəncədə həbs olunarkən üzərindən narkotik də tapılıb. Ancaq Ə.Rzayev deyir ki, yalandır, nə onu Gəncədə tutublar, nə də üstündə narkotik olub. Onun sözlərinə görə, iş yerinə gəlib, hamının gözü qarşısında götürüb aparıblar. Buna baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsi öz hökmündə ittihamı olduğu kimi saxladı.

6 ildən 9 ilə qədər həbslə cəzalandırılan Ə.Rzayev və daha 10 nəfərin haqqındakı hökmdən verilən şikayətlərə Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Bakı Apellyasiya Məhkəməsinin binasında baxır. İyulun 11-də məhkəməyə Ə.Rzayevin vəkilinin vəsatəti əsasında Süleyman Qarayev çağrılmışdı. Ə.Rzayev «Azəriqaz»ın Samux şöbəsində işləyib, S.Qarayev də onun müdiri olub. O məhkəmədə təsdiqləyib ki, işçisini onun gözü qarşısında Samuxda iş yerindən aparıblar.

Gəncə hadisələrinə görə həbs olunan daha bir qrupun – Bəkrəm Əliyev, Elmir Hüseynzadə və daha altı nəfərin mühakiməsi isə hələ birinci instansiya məhkəməsində davam edir. Onların işi üzrə də məhkəmə istintaqı yekunlaşır. Artıq şahidlər dindirilib, sənədlər elan olunub. İndiki mərhələdə vəkillər xeyli vəsatətlər qaldırıblar.

«Bu adamı 10 gün orada hansı statusla saxlayıblar?»
Asif Cavadovun vəkili Vüqar Heydərov onun tibbi ekspertizadan keçirilməsi və işgəncə altında alınmış ifadələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıb. Dəfələrlə məhkəmədə A.Cavadovun vəziyyəti pisləşib, proses yarımçıq saxlanılıb.

Vəsatətlər təmin olunmayıb.

Vəkil Şəhla Hümbətova Gəncə şəhər Nizami və Kəpəz polis idarələrindən, istintaq təcridxanasından ötən ilin iyul ayına aid kamera görüntülərinin, polis idarəsindən gəlib-gedən şəxslərin qeydiyyat kitabçasının alınması barədə vəsatətlər qaldırıb. Çünki təqsirləndirilən şəxslər həmin idarələrdə, təcridxanada işgəncəyə məruz qaldıqlarını bildirirlər. Vəkilin sözlərinə görə, təqsirləndirilən Elmir Hüseynzadə iyulun 10-da saxlanılıb, şahid qismində dindirilib, amma buraxılmayıb. Bir də iyulun 21-də təqsirləndirilən şəxs kimi, ona qarşı ittiham irəli sürülüb: «Bu adamı 10 gün orada hansı statusla saxlayıblar?».

Amma hakim Dadaş İmanov bu vəsatətləri də təmin etməyib. Bildirib ki, vəkil özü də müstəqil şəkildə sorğu verib, onları ala bilər.

Ş.Hümbətova deyib ki, özü də sorğu verib, amma cavab ala bilməyib, ona görə məhkəməyə müraciət edir.

Ancaq hakim fikrini dəyişməyib: «Öz işinizi məhkəmənin üzərinə qoymayın».

Vəkil sorğuları göndərməsini təsdiqləyən qəbzləri də məhkəməyə göstərib: «Bizə cavab vermirlər. Məhkəmənin də araşdırmaq vəzifəsi var…».

Məhkəmə davam edir.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az