[:az]Müstəntiq DİN və Baş Prokurorluğu təkzib edir[:]

tərəfindən Gozetci

[:az]Abşeron rayonunun polis müstəntiqi Xəyyam Rüstəmovun Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun təsdiqlədiyi faktın üstünü örtməyə və piyadanın ölümünə səbəb olan şəxsi cinayət məsuliyyətindən yayındırmağa çalışdığı iddia olunur. 

BakuPostun verdiyi məlumata görə, bu il aprelin 6-da baş verən yol-nəqliyyat hadisəsindən bir gün sonra DİN rəsmi məlumat yayaraq bildirib ki, Faiq Həsənov adlı Masazır sakini Xırdalan şəhərinin ərazisində naməlum sürücü tərəfindən vurulub və hadisə yerində dünyasını dəyişib. Xəbərdə qeyd edilib ki, sürücü Müşfiq Həsənov hadisə yerindən qaçıb.

Baş Prokurorluğun yaydığı rəsmi məlumatda da hadisə zamanı sürücü Müşfiq Həsənovun hadisəni törətdikdən sonra hadisə yerindən qaçdığı, yalnız növbəti gün polis əməkdaşları tərəfindən tutulduğu öz əksini tapdığı qeyd edilib. Lakin bildirirlir ki, işin istintaqını həyata keçirən müstəntiq X.Rüstəmov qəzanı törədib hadisə yerindən qaçdığı rəsmi məlumatlarla təsdiqini tapan sürücü Müşfiq Həsənova verilmiş hadisə yerindən qaçmaq ittihamını götürüb və işi yalnız bir maddə ilə – Cinayət Məcəlləsinin 263.2 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məhkəməyə göndərilib. Buna əsasən, iddia olunur ki, müstəntiq 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəni təqsirləndirilən şəxsin üzərindən götürməklə onun uzun müddətli həbsdən yayınmasına və işdən yüngül cəza almasına çalışıb

Məsələ ilə bağlı araşdırma edən BakuPost  aprelin 7-də DİN (https://www.mia.gov.az/?/az/pressreliz/view/61454), 4 gün sonra isə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda (http://genprosecutor.gov.az/news/5/20074/hadise-yerinden-qacan-surucu-hebs-edilmisdir) sürücünün hadisə yerindən qaçdığını bildirilib.

Məsələ ilə bağlı açıqlama verən Abşeron rayon prokuroru Rahib Seyidov deyib ki, iş hazırda məhkəmə baxışında olduğu üçün bu barədə əlavə məlumat verə bilməz: “Mən bu məsələni araşdıracam, ancaq onu deyə bilərəm ki, iş hazırda məhkəmə baxışındadırsa, məhkəmə bu işi araşdıracaq və əgər əlavə hallar mövcuddursa, təqsirləndirilən şəxsə yeni maddə ilə ittiham veriləcək”.

Rayon prokuroru onu da əlavə edib ki, bu cür presedentlər əvvələr də mövcud olub: “İlkin araşdırma zamanı sürücünün hadisə yerindən qaçması barədə şübhələr yarana bilər. Lakin bu da mümkündür ki, istintaqın gedişində əslində sürücünün hadisə yerindən qaçmadığı üzə çıxa bilər. Yenə deyirəm, əgər belə hal mövcuddursa, məhkəmə araşdırması zamanı, bu ortaya çıxarılacaq”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə də deyib ki, əgər istintaqın gedişində hansısa yanlışlığa yol verilibsə və iş hazırda məhkəmə baxışındadırsa, yanlışlıq məhkəmədə ortaya çıxarıla, təqsirləndirilən şəxsə əlavə ittiham verilə bilər: “Ancaq əvvələr də yol qəzalarının istintaqı zamanı belə presedentlər olduğu üçün müstəntiqin bu məsələdə qərəzli olduğunu, təqsirləndirilən şəxsi cəzadan yayındırmağa çalışdığını iddia etmək doğru olmaz. İş hazırda məhkəmə araşdırmasında olduğu üçün məhkəmənin yekun qərarını gözləməyi tövsiyə edirəm”.

Müstəntiq Xəyyam Rüstəmov isə iddialarla bağlı danışmaq istəməyib.

Mənbə:BakuPost[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az