[:az]Yataqxanaya sığınmış köçkünlər yollardan birini bağlamağa cəhd ediblər[:]

tərəfindən Gozetci

[:az]Mayın 9-da Bakının Nizami rayonunda yataqxanada yaşayan məcburi köçkünlər yollardan birini bağlamağa cəhd ediblər.

Aksiya iştirakçıları deyiblər ki, yataqxana Elşәn Süleymanov küçəsində yerləşir.

Onlar yaşayış vəziyyətinin yaxşılaşdırılmasını, yeni mənzillə təmin edilmələrini tələb ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, məskunlaşdıqları yataqxana qəzalı vəziyyətdədir, otaqlar balacadır və onlar öz həyatına görə narahatdırlar. «Xahiş edirik ki, vitse-prezident Mehriban Əliyeva gəlib bizim vəziyyətimizlə maraqlansın», – aksiyaçılardan biri bildirib.

Aksiyaçılar qeyd ediblər ki, Nizami Rayon İcra Hakimiyyəti onların müraciətinə baxmır: «Vəd verirlər, amma baxmırlar. Nazirlər Kabineti də baxmır müraciətlərimizə».

Aksiya yerində polis olmayıb və bir müddət sonra başa çatıb.

Məcburi köçkünlərin şikayətlərinə, hələlik, Nizami Rayon İcra Hakimiyyəti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən münasibət almaq mümkün olmayıb.

Amma iki həftə öncə, aprelin 29-da da bir qrup məcburi köçkün Bakıda Nizami Rayon İcra Hakimiyyətinin önünə toplaşıb, sosial məzmunlu tələblər irəli sürmüşdülər. Həmin məcburi köçkünlər də bildirmişdilər ki, onların yaşadıqları yataqxana qəzalı vəziyyətdədir.

«Binanın hər mərtəbəsində 24 ailə yaşayır, ümumi olan tualet, hamam antisanitar haldadır. Bəzi pilləkənlərdə isə pillələr yoxdur, kanalizasiya suları yuxarıdan birinci mərtəbəyə axır», – məcburi köçkünlər demişdilər.

Onlar da birinci vitse-prezidentdən problemləri ilə şəxsən məşğul olmağı və məcburi köçkünlərdən ötrü tikilən binalarda mənzillə təmin edilmələrini istəmişdilər. Həmin vaxt Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də bildirmişdilər ki, şikayət öz həllini tapacaq. Komitədən vurğulamışdılar ki, söhbət Babək prospekti 79-da yerləşən məcburi köçkünlərdən gedir. «Məcburi köçkünlərin yeni mənzillə təminatı hər zaman prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir», – Komitədən demişdilər.

Xatırlatma
1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqaviləsinə kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib, sakinlər köçkün düşüblər.

Rəsmilərin bildirməsinə görə, bu vaxta qədər qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6 milyard manatdan çox xərc çəkilib. Görülən işlər nəticəsində onlara 100-ə yaxın şəhərcik təhvil verilib. Amma köçkünlərin bir qismi hələ də Bakıda və ölkənin müxtəlif bölgələrində yataqxanalarda qalırlar. Yataqxanaların bir çoxunun qəzalı vəziyyətdə olduğu vurğulanır.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az