[:az]Bu gün, apelin 8-də atası və vəkili prezidentin əfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılaraq həbs edilən gənc fəal Bayram Məmmədovla görüşüblər.
Bu barədə Azadlıq Radiosuna Bayram Məmmədovun atası Fərman Məmmədov məlumat verib.
Fərman Məmmədov qeyd edib ki, oğlu Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində (İHOSM) saxlanır:
“Bayramın təcili həkim müayinəsinə ethiyacı var. Düzdür, indi vəziyyəti bir az düzəlib, hazırda qusma, baş gicəllənmə yoxdur, amma əvvəlki simptomlar beyin silkələnməsi ehtimalını göstərir. Bunun da fəsadları böyük ola bilər, ona görə normal tibbi müayinə istəyirik”.
Atasının bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Amma gənc fəalın səhəti ilə bağlı narahatlığını ötən həftə onun təmsil olunduğu “Nida” Vətəndaş Hərəkatı da ifadə etmişdi:
“Həmin təcridxanadan çıxan məhbusların verdiyi məlumata görə, Bayram Məmmədovun ağrıları şiddətlənməkdədir. O, başından çoxlu zərbələr alıb, baş gicəllənmələri var və hər axşam qusur…”
Vəkili Elçin Sadıqov isə bildirmişdi ki, Bayram Məmmədov saxlandıqdan sonra işgəncəyə məruz qalması barədə izahat yazıb və ekspertizadan keçirilməsini istəyir.
Bayram Məmmədov ötən ay, aprelin 30-da polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 30 sutka inzibati həbs cəzası alıb.
Gənc fəalla bağlı Sabunçu Rayon Məhkəməsinin verdiyi həmin inzibati həbs qərarından şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb. Şikayət təmin edilməyib.
Verilən ittihamı qəbul etməyən Bayram Məmmədov məhkəmədə saxlandıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyün açıqlayıb.
Hakim işgəncə şikayətinin araşdırılmasından ötrü prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə AzadlıqRadiosuna gənc fəalın işgəncə ilə üzləşməsi ilə bağlı dediklərinin gerçək olmadığını söyləmişdi.
Xatırlatma
Bayram Məmmədov bundan öncə digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı.
Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.
Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə, həbs olunduqları bildirilirdi.
Onların hər ikisi bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.
AZADLIQ RADİOSU[:]