[:az]”Axşamlar yükü töküb, yerdə yataq açırıq, səhər də yenidən o ağır döşəkləri yığırıq yükə”
Kəlbəcər köçkünü Rəcəb Məmmədov illərdir ailəsi ilə birgə Yevlax rayonunun Mal Binəsi kəndindəki köhnə xəstəxanada məskunlaşıb. Daha doğrusu xəstəxana binasının girişindəki istixana binasında. Deyir, 1993-cü ildən bu birotaqlı daxmada 6 nəfər yaşayırlar. Övladlarını gələcəkdə bir neçə otaqlı evləri olsa, orada necə yerləşməyin xəyalı ilə böyüdüb, hərəsinə ayrıca otaq vəd edib. Ancaq buna imkanı çatmayıb.
“Özümüzün o imkanımız olmadı, nə də dövlət qapımızı döydü. Bugünədək halımızla maraqlanan olmayıb. Çox istəyərik bizi də köçürələr, ev verələr. 4 övladım var. Həyat yoldaşım xəstədir. İşləmirik, çörəkpulu ilə dolanırıq. Bu qədər adam bu otaqda yaşayır. Burada yatır, burada yeyir, burada yemək hazırlayır, burada çimirik”, – Rəcəb Məmmədov belə deyir.
Həyat yoldaşı şəkərli diabetdən əziyyət çəkir. Elə xəstəliyinə görə ayağına yara düşüb, sağalmır:
“Halı günü-gündən pisləşir. Həkimə aparırıq, maz, dərman yazır. Sürtürük, heç xeyir də eləmir. Bilmirik nə edək. Şəraiti görürsünüz. Çətindir, vallah, yaşaya bilmirik. Mən daha uşaqlarımın üzünə baxmağa da utanıram. Bir normal həyat yaşada bilmədim onlara”.
Rəna Məmmədova bu kiçik daxmada 4 uşaq böyüdüb. Deyir, ayağı sağalmasa, necə yaşayacaq, bilmir:
“Onsuz da aylardır normal hərəkət edə bilmirəm. Elə oturub qalmışam bu odun peçinin yanında. Yaxşı ki, uşaqlarım böyükdür, öz işlərini görürlər. Yoxsa mənim işim lap çətin olardı. Aldığımız da ayda 24 manat çörəkpuludur. Elə çörəkdən başqa heç nəyə çatmır. Bir kiçik otaqdır. Axşamlar yükü töküb, yerdə yataq açırıq, səhər də yenidən o ağır döşəkləri yığırıq yükə. Hər şeyimiz bu otağın içindədir. İllərdir vəziyyət belə davam edir”.
R.Məmmədova deyir ki, bəlkə də elə şəraitsizlikdəndir ki, nə pis xəstəlik olur, birinci onları tutur:
“Natəmizlikdən, şəraitsizlikdən görürsünüz də ayağımın halını. Şəraitimiz bərbaddır. Ona görə də nə xəstəlik olsa, birinci bizi tapır. Kimi tapsın? Bu şəraitdə heç kim yaşamaz. Görsünlər, kömək etsinlər bizə, yazığıq. Bundan sonra ömrümə nə qədər qalıb, bilmirəm. Kaş bir normal ev verələr, mən də bir gün görəm”.
Meydan TV Məmmədovlar ailəsinin çətin şəraitdə yaşaması ilə bağlı Yevlax Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətindən köçkünlərin yerləşdirilməsi, onlara ev verilməsi işinə baxmadıqlarını söyləyiblər:
“Biz ev verən qurum deyilik. Həm də bildiyim qədərilə hökumət köçkünlərə aylıq müəyyən qədər vəsait də ödəyir. İşləməsələr də, o vəsaiti alırlar. Ev isə bizlik olan məsələ deyil. Bunun üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsinlər”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin isə belə durumlarda bir cavabı var. Hər dəfə bildirirlər ki, bütün məcburi köçkünlər siyahıya alınıb, hamı bir gün evlə təmin ediləcək. Sadəcə bu işlər mərhələli şəkildə həyata keçirilir. Növbə hamıya çatacaq.
1990-cı ilin əvvəllərində Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün saldı.
BMT-nin Miqrasiya Agentliyinin məlumatına əsasən, 1994-cü ildə atəşkəs imzalanana qədər müharibədə 30000-dən çox insan həyatını itirib, 600 mindən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı isə qaçqın düşüb.
Köçkün düşmüş əhali sığınacaq kimi istifadə edə biləcəkləri hər yerdə məskunlaşıb. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, kitabxanalar, yol kənarları, hətta ilk vaxtlarda çadırlarda qalanlar da var idi. Bu sığınacaqlar müvəqqəti sayılırdı, ancaq insanlar 25 ildən artıqdır ki, bu yerlərdə yaşayırlar. Müvəqqəti sığındıqları bu yerlər onların daimi yaşayış məskənlərinə çevrilib.
MEYDAN TV[:]