[:az]8 Mart dünyanın əksər ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. İlk milli qadın günü 28 fevral 1909-cu ildə ABŞ-da qeyd edilib. Amerika Sosialist Partiyası bu günü 1908-ci ildə Nyu Yorkda keçirilən geyim fabriklərində çalışan ağır iş şərtləri əleyhinə tətil keçirən qadınlara ithaf edib. 1910-cu ildə Kopenhagendə keçirilən Sosialist İnternasionalının qurultayında qadın hüquqları uğrunda hərəkata və qadınların seçki hüququ əldə etməsində dəstək ifadə etmək məqsədilə Qadınlar Günü təsis edilməsi təklif edilib. Təklif qurultayda iştirak edən 17 ölkədən olan 100 qadın tərəfin yekdilliklə bəyənilib. 1911-ci ildə Kopenhagendə irəli sürülən təşəbbüsün nəticəsi olaraq, ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 19 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilib və bununla bağlı keçirilən mitinqlərdə bir milyondan artıq qadın və kişi iştirak edib. Mitinq iştirakçıları qadınlara seçki hüququ və siyasi həyatda iştirak hüququ ilə yanaşı, iş hüququ, peşə təlimlərində iştirak hüququ, o cümlədən işə qəbulda və iş yerlərində diskriminasiyaya son qoyulmasını tələb ediblər.
1913-1914-cü ildə Beynəlxalq Qadınlar Günü Birinci Dünya Müharibəsinə etiraz etmək üçün bir vasitəyə çevrilib. Rusiyada başlanan sülh hərəkatının tərkib hissəsi olaraq, rus qadınları fevralın son bazar gününü ilk dəfə Beynəlxalq Qadınlar Günü kimi qeyd edib. 1915-ci ilin martında Avropanın bir çox yerlərində qadınlar müharibəyə etiraz etmək və digər fəallarla həmrəylik nümayiş etdirmək üçün mitinqər keçiriblər. 1917-ci ilin fevralının sonuncu bazar günündə Rusiyada qadınlar yenidən müharibəyə etiraz olaraq mitinqlərə və “Çörək və Sülh” üçün tətillərə başlayıblar. Bu tarix Qriqoryan təqvimi ilə 8 marta təsadüf edib. Bundan 4 gün sonra Çar hakimiyyətdən əl çəkib və yeni yaranmış Keçici Hökümət qadınlara seçki hüququ verib.
1945-ci ildə imzalanan Birləşmiş Millətlər Xartiyası qadın və kişilərin bərabərliyi prinsipini bəyan edir. Bu sənəd qadın və kişilərin bərabərliyini qəbul edən ilk beynəlxalq anlaşmadır.
1975-ci ildə BMT 8 martı Beynəlxalq Qadınlar Günü kimi qeyd etməyə başlayıb. 1995-ci ildə Pekin Deklarasiyası və Faəliyyət Platforması adlı tarixi yol xəritəsi 189 hökümət tərəfindən imzalanıb. Bu sənəd hər bir qadın və qızın öz seçim hüququ, siyasi həyatda iştirak hüququ, təhsil hüququ, özünün gəlirinin olması, zorakılıq və diskriminasiyadan uzaq cəmiyyətdə yaşamaq hüququ da daxil olmaqla 12 kritik sahəni əhatə edir.
2014-cü ildə Qadınların Statusu haqqında Komissiyanın 58-ci sessiyası “Qadınlar və Qızlar üçün Minillik İnkişaf Hədəfləri ilə bağlı Çətinliklər və Nailiyyətlər”ə həsr edilib. Sessiyada BMT institutları və akkreditasiya olunmuş qeyri-hökümət təşkilatları nailiyyətlər və çətinliklərlə bağlı vəziyyəti müzakirə edib qiymətləndirmə aparıblar. Minillik İnkişaf Hədəfləri qadın bərabərliyinə və qadınların gücləndiriıməsinə diqqətin cəlb edilməsində önəmli rol oynayır.
2015-ci ildə Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və Davamlı İnkişaf üçün 17 Hədəf hazırlanaraq qəbul edilib. 5-ci hədəf kimi gender bərabərliyinə və qadınların gücləndirilməsinə nail olmaq göstərilib.
Mənbə: Birləşmiş Millətlər Təşkilatının rəsmi saytı[:]