[:az]Seymur Azadov: ”11 aydır küçədə, yağışın, qarın altında işləyirəm”
“Göyçay Rayon İcra Hakimiyyəti mənə torpaq satdı. 5 min manatımı aldı. Sonradan məlum oldu ki, torpağın 2 sahibi var”, – Göyçay sakini Seymur Azadov belə deyir.
S.Azadov avtomobil təmirçisidir. İllərlə Göyçayın girişində, kiçik təmirçi sexində çalışıb. Deyir, 9 nəfərlik ailəsini bununla dolandırıb. Sonradan Göyçayın girişində tikilən qapılara görə çalışdığı sexin yerləşdiyi ərazi plana düşüb:
“Dedilər, dövlət əhəmiyyətli layihədir, kompensasiya veriləcək. Vermədilər, ancaq sexi sökdülər. Çox get-gəl, yalvar-yaxardan sonra mənə yaxınlıqda kiçik bir sahə ayırdılar. Buna görə də 5 min manatımı aldılar. Nə isə, başladım yenidən sex tikməyə. Elə tikintini bitirirdim, bir nəfər gəldi ki, mənim torpağımda nə tikirsən? Dedim, qardaş, buranı mənə icra hakimiyyətindən veriblər, elə şey olmaz. Sənədim var. O da sənədlərini göstərdi, daha deyiləsi sözüm yox idi”.
“8 min manat ziyana düşmüşəm”
S.Azadov deyir ki, bundan sonra torpağın sahibi onun tikdiyini uçurub. Buradan da azı 3 min manat ziyana düşdüyünü deyən təmirçi əlavə edir ki, buna görə icra hakimiyyəti ona heç bir açıqlama verməyib. Nə də ona dəyən zərər ödənib:
“Başqa iş də əlimdən gəlmir. Mən 25 ilin ustasıyam. Ailəmizin başqa heç yerdən gəliri yoxdur. Mən yenə icra hakimiyyətinə üz tutdum. Çox get-gəldən sonra yenə mənə yaxınlıqda başqa bir torpaq sahəsi ayırdılar. İndi də həmin sahənin sənədlərini vermirlər ki, tikinti aparım. Özümə söz vermişəm, sənədsiz iş görməyəcəyəm. Sənədim saxta çıxıb. İndi sənədsiz necə iş tutum? İnamımı itirmişəm. 8 min az pul deyil, batdı, getdi. Bunu mənə kimsə ödəmədi. İndi əvvəlki təmir seximin yaxınlığında çadır qurub, altında işləyirəm. Artıq 11 aydır ki, yağışın, qarın, küləyin altında, çöllükdə qalmışam”.
“İcra başçısı Mehdi Səlimzadə hara baxır?”
39 yaşlı Seymur Azadov 4 uşaq atasıdır. Ana və atasının əlilliyi var. 9 nəfərə baxır. İşi də köhnə avtomobillərin təmiridir:
“Üstəlik, təkcə mənim ailəm yox, qardaşımgilin də yeganə dolanışıq yeri həmin sex idi. Birgə işləyirdik, buradan iki ailə dolanırdı. Başımıza oyun açdılar. İcra başçısı Mehdi Səlimzadə hara baxır? Yazmadığım yer, müraciət etmədiyim idarə qalmayıb”.
“Səsimi eşidən yoxdur”
Seymur Azadov deyir ki, problem ilə bağlı məktub yazmadığı, qapıını döymədiyi dövlət qurumu qalmayıb:
“Hər yerə yazıb, problemimi demişəm. Onu da qeyd etmişəm ki, həmin torpağı mənə Göyçay Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsindən veriblər. Ancaq faydasızdı, səsimi eşidən yoxdur. Yeri pulla almışam, amma sənədli-sübutlu başqasına aid imiş”.
“Məni aldadanların hamısı icra hakimiyyətində oturublar”
Seymur Azadov bildirir ki, pulu Göyçay Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində ödəyəndə ona da sənəd verilib. Ancaq sonradan məlum olub ki, həmin sənəd saxtadır:
“Nə pulumu qaytarır, nə də verdikləri yerə sənəd ala bilirəm. Polisə, prokurorluğa da müraciət etmişəm. Prezident İlham Əliyevə, Vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm, cavab almamışam. Prokurorluqda müstəntiq mənə verilən sənədə baxdı, dedi ki, saxtadır, aldadılmısan. Deyir, deməyinə, ancaq nəsə tədbir görmür. Sübut, sənəd olsa da, işə baxan yoxdur. Çünki məni aldadanlar elə-belə insanlar deyil axı. Hamısı icra hakimiyyətində oturublar”.
İcra Hakimiyyəti: “Aldadılıbsa, polisə, prokurorluğa müraciət etsin”
Göyçay Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, Seymur Azadovun onlarla bağlı şikayəti varsa, müraciət etsin. Məsələni şişirtmək lazım deyil:
“Yox, əgər israrla aldadıldığını deyirsə, o zaman polisə, prokurorluğa müraciət etsin. Daha Meydan TV-yə niyə şikayət edir?”
MEYDAN TV[:]