[:az]Gəncə olayları zamanı bastainfo.com saytında yayılmış məlumatlarla bağlı açılan cinayət işinin istintaqı da başa çatıb.
Saytın baş redaktoru Mustafa Hacıbəyli və vəkili bu gün, dekabrın 17-də Bakı Şəhər Prokurorluğunda cinayət işi materialları ilə tanışlığa başlayıb. Bu haqda Mustafa Hacıbəylinin özü bildirib.
Onun sözlərinə görə, 400 səhifədən artıq olan cinayət işi materialları ilə tanışlığı hələ bitirməyiblər.
Cinayət işi təqsirləndirilən şəxslərin və vəkillərinin materiallarla tanış olmasının ardınca qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə göndəriləcək. Mustafa Hacıbəylinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır.
O, Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, Mustafa Hacıbəyli 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Gəncə olayları zamanı criminal.az saytında yayılmış məlumatlarla bağlı da cinayət işi açılıb. Həmin saytın baş redaktoru da eyni maddələrlə ittiham edilir. Həmin cinayət işinin materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Onların hər ikisi ittihamları rədd edirlər.
Xatırlatma
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsd törədilib. Bundan sonra Baş Prokurorluq məlumat yayıb ki, icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətə uyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb.
Fakt üzrə cinayət məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılmasından ötrü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl olaraq bir neçə gün prokurorluğa çağırılaraq dindirilib.
Sui-qəsd nəticəsində ağır yaralanan Elmar Vəliyev sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır.
Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik, Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.
Azadliq Radiosu[:]