[:az]Ombudsman jurnalistin yaxınlarına cavab verib[:]

tərəfindən Gozetci

[:az]Həbsdəki jurnalist Əfqan Muxtarlının cərimə kamerasına salınması və onun hüquqlarının pozulması haqqında deyilənlər təkzib edilir.

Bununla bağlı Ombudsman Elmira Süleymanovadan Ə.Muxtarlının yaxınlarına məktub gəlib.

Bu haqda AzadlıqRadiosuna jurnalistin yaxınları bildiriblər.

Bir müddət əvvəl Ə.Muxtarlı vəkilləri vasitəsilə Ombudsmana ərizə ilə müraciət etmişdi. Müraciətdə Ə.Muxtarlının saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsində əsassız olaraq cərimə kamerasına (kars) salındığı, digər qanunazidd hərəkətlərə məruz qaldığı vurğulanır və bunların araşdırılması istənilirdi. Ombudsmandan həmçinin, Ə.Muxtarlının həftədə bir dəfə xarici ölkədə yaşayan ailəsi ilə Skype vasitəsilə əlaqə saxlamasına köməklik göstərilməsi istənilirdi.

Ombudsman E.Süleymanovanın cavab məktubunda bildirilir ki, ərizədə göstərilən halların araşdırılmasından ötrü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edilib. Ombudsman Ə.Muxtarlının vəkillərini və yaxınlarını Penitensiar Xidmətdən aldığı cavabla bağlı məlumatlandırıb.

Həmin məlumatda qeyd edildiyinə görə, Ombudsmana cavab verilib ki, Ə.Muxtarlı cəza çəkdiyi dövrdə fiziki və mənəvi təzyiqlərə məruz qalmayıb, zəruri maddi-məişət şəraiti ilə təmin olunaraq qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından tam qaydada istifadə edib.

Üstəlik, jurnalistin karsa salınması haqqında deyilənlər də təkzib olunub.

Orada Ə.Muxtarlının Skype vasitəsilə ailəsi ilə əlaqə saxlamaq istəyinə də münasibət bildirilib.

«Eyni zamanda, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində məhkumların internet vasitəsilə yaxın qohumları və digər şəxslərlə əlaqə saxlamaları nəzərdə tutulmamışdır», – deyə qeyd edilib.

Oktyabrın ortalarında Ə.Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva jurnalistin özünə istinadən onun cərimə kamerasına salındığını açıqlamışdı.

«Ə.Muxtarlını tibb məntəqəsinə icazəsiz getməsi adı ilə oktyabrın 7-də cəzalandırıblar. Tibb məntəqəsinə getməsini bəhanə ediblər. Əfqan dərman üçün icazə alıb məntəqəyə gedib. Karsa (cərimə kamerası-R) salmaqda əsl səbəb onun həbsdə olan AXCP sədrinin müşaviri Məmməd İbrahimin yastığının altından bıçaq tapılmasına etiraz etməsi olub», – həyat yoldaşı bildirmişdi.

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci ilin mayında müəmmalı şəkildə Azərbaycanda həbs edilib.

Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib. Rəsmi ittihamda isə bunun əksi iddia olunur.

O, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Ə.Muxtarlının həbsini pisləyərək, Azərbaycan hökumətini onu azadlığa buraxmağa səsləyiblər.

AZADLIQ[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az