[:az]Müsavat partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqlı həbs olunub. Noyabrın 21-də Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Qərarı hakim Şahin Abdullayev verib.
AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, Əbülfəz Sadıqlıya CM-in 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.
Əbülfəz Sadıqlı “Nikoil” bank adından saxta sənəd hazırlayıb, ondan istifadə etməkdə suçlanır. İttihama görə, o, bankın kreditilə aldığı “Niva” markalı maşına görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.
“O arayışı Əbülfəz Sadıqlı özü hazırlamayıb, bankdan alıb. Bankın möhürü Əbülfəzdə nə gəzirdi ki, belə arayış da hazırlaya bilsin? Ekspertizanın da rəyi var ki, sənəddəki möhür də, imza da saxta deyil, bircə reyestr-qeydiyyat nömrəsi uyğun gəlmir. Araşdırmalıdırlar ki, o sənədi bankın daxilində kim hazırlayıb. Əgər arayış saxta olubsa, bu üç il ərzində niyə bank tələb etməyib ki, borcunu ödəsin, niyə məhkəməyə müraciət etməyib? Deməli, həqiqətən Əbülfəz pulu banka ödəyib və arayışı alıb”, – Əbülfəz Sadıqlının qardaşı Vasif Sadıqbəyli AzadlıqRadiosu-na bildirib.
Əbülfəz Sadıqlının vəkili Mirismayıl Hadıyev istintaq getdiyinə görə ətraflı danışmaq istəmir. Bununla belə, AzadlıqRadiosu-na bildirib ki, müvəkkilinin həbsi, ona qarşı bu ittihamların irəli sürülməsi üçün yetərincə sübut yoxdur.
Müdafiəçinin sözlərinə görə, Əbülfəz Sadıqlı özü də məhkəmədə təqsirsiz olduğunu deyib: “Bildirdi ki, ona qarşı qərəz var. Başqa şeylər də dedi, bu haqda danışmaq istəmirəm. Mən də öz mövqeyimi bildirdim. Hesab edirəm ki, ona bu ittihamları vermək, həbs eləmək üçün kifayət qədər əsaslar yoxdur. Hərtərəfli araşdırma aparmadan, yalnız şübhə ilə adamı həbs eləmək olmaz”.
Vəkil müsavatçı fəal haqqında həbs qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
Azadlıq radiosu[:]