[:az]Noyabrın 8-də jurnalist İlkin Məmmədli saxlanılıb.
Hüquq müdafiəçisi Samirə Ağayeva bildirib ki, Məmmədliyə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Asan xidmətdə xarici pasport almaq istəyərkən ölkədən çıxışına qadağa qoyuluduğu bildirilib. Daha sonra İlkin Məmmədli polis əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinə təhvil verilib.
Noyabrın 9-da ailə üzvləri və vəkil Şəhla Hümbətova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən İlkin Məmmədlinin saxlanılmasının səbəbləri ilə bağlı hər hansı məlumat ala bilməyib.
“Daxili İşlər Nazirliyinin ‘102 Zəng Mərkəzi’nə və Ombudsman Aparatına dəfələrlə müraciət etmişik. Bildiriblər ki, bayram günüdür, araşdırılır. Artıq İlkin Məmmədlinin saxlanılmasından 24 saatdan çox vaxt keçib, lakin bu vaxtadək onunla bağlı hər hansı məlumat verilmir”, vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib.
Təsdiq edilməmiş qeyri-rəsmi məlumatlara görə, İlkin Məmmədli 2017-ci ilin əvvəllərindən axtarışa verilib. O, 2015-cilin noyabrında baş verən Nardaran hadisələri ilə bağlı keçirilən 3 məhkəmə prosesində şahid qismində ifadə verib. Nardaran işi ilə bağlı dördüncü məhkəmədə də adı şahid qismində keçsə də məhkəməyə çağırılmayıb. Ailəsi güman edir ki, məhkəmənin qərarı ilə o axtarışa verilə bilər.
İlkin Məmmədli 2014-cü ilədək “Azad xəbər” saytında redaktor olub. Onun hazırda azad jurnalist kimi müxtəlif nəşrlərə məqalələr yazdığı bildirilir.
Amerikanın Səsi[:]