[:az]https://youtu.be/BPZTAYAJbBU
12 ildir pəncərənin o biri üzündəki həyatı balaca nəfəslikdən izləyir. Emin Eyvazov hərbi xidmətdə qulluq edərkən xəsarət alıb. Yeriməsini itirib, 12 ildir yataqdadır.
“Hərbidə bizə açıqlamadılar ki, nə baş verib. Dedilər, qəfildən xəstələnib. Heç kim demədi. Heç biz rəisi görmədik axı, onu hospitala gətirmişdilər”.
Atası Xanoğlan Eyvazov deyir ki, oğlu hərbi hissə üçün odun doğramağa gedərkən ağacdan yıxılıb, beyninə qan sızıb. O hesab edir ki, Emin Eyvazov məsuliyyətsizliyin qurbanı olub.
“Rəis tapşırıb ki, sən demə ağacdan düşdüyünü. Bu da deməyib. Beyninə qan sızıb, çürümə verib. Sonra məcbur olub əməliyyat ediblər. Yəni 40 gün üzərindən keçəndən sonra. Ancaq oğlumu əməliyyat edən həkim dedi ki, tez gətirsəydilər, qanı təmizləyərdim, sağalardı. Onun başını aparata salmayıblar. Başqa orqanlarını yoxlayıb, sağlam olduğunu deyib, yenidən xidmətə göndəriblər”.
Astarada yaşayan ailə keçmiş əsgərin ehtiyaclarını qarşılaya bilmir. Birinci qrup əlil pensiyası ona yetmir.
Emin Eyvazov Zaqatalada Dövlət Sərhəd Xidmətində qulluq edib. Hərbi biletində yazılıb ki, onun vəzifəsi müdavim olub, texnikası isə işıqlandırıcı. Hərbi ekspert Cəsur Sumerinliyə görə, əsgərin hərbi xidmət zamanı vəzifələrinə odun doğramaq daxil deyil və baş vermiş hadisə cinayət hadisəsidir. Dövlət Sərhəd Xidməti onun müalicə və həyat xərclərini öz üzərinə götürməlidir. Hadisənin təfərrüatı necədir və Eyvazovlara yardım ediləcəkmi deyə Dövlət Sərhəd Xidmətinə, Müdafiə Nazirliyinə göndərilən sorğular cavabsız qaldı.
Əsgər atası oğlu əməliyyat olunarsa, yeriyə biləcəyini deyir:
“Fikirləşirəm ki, anası dünyadan köçəndən sonra buna kim baxar? Bacıları ailəlidir, gəlin ona baxan deyil ki, oğlan uşağıdır. Gələcəkdə nə olacaq? Əməliyyat etsələr, heç olmasa özü gəzib, təmizliyini edə bilər. Onu gözləyirik, amma əlimiz heç yerə çatmır”.
Emininsə arzusu ayağa durub, sağalıb, ailə qurmaqdır.
Meydan TV[:]