[:az]Ailəsi onun təcridxanada saxlanıldığını deyir
Avropada yaşayan bloger Orduxan Teymurxanın bacısı oğlu Tural Əliyevin Binəqədi rayonundakı təcridxanada saxlandığı deyilir.
Bu haqda Azadlıq Radiosuna onun yaxınları məlumat verib. Bildiriblər ki, aperlin 30-da Tural Əliyevlə görüşə biliblər. Onlar inzibati qaydada həbs edildiyi deyilən gəncə bağlama verdiklərini bildiriblər.
Ailəsinin sözlərinə görə, Tural Əliyev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinir.
Onun qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsində təqsirli sayıldığı bildirilir. Tural Əliyev barəsində Nizami Rayon Məhkəməsində qərar verildiyi vurğulanır.
Ancaq bu məlumatı məhkəmədən və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Tural Əliyevin günahlandırıldığı deyilən maddədə üç yüz manatdan dörd yüz manatadək cərimə və iki ayadək müddətə inzibati həbs cəzasının tətbiqi nəzərdə tutulur. Ona 2 aylıq həbs cəzası tətbiq edildiyi deyilir.
Yaxınlarının deməsinə görə, həmin qərardan şikayət veriləcək.
19 yaşlı Tural Əliyev Bakı Dövlət Universitetinin kimya fakültəsində oxuyur. O.Teymurxanın Meydan TV-yə verdiyi məlumata görə, o, universitetdən qayıdanda yolda saxlanılıb:
“Yoldan zorla aparılıb. Deyirlər, 2 ay müddətinə həbs ediblər. Hansı maddə ilə həbs olunduğu bilinmir”.
Bu ilin fevral ayında da Bakıda yaşayan yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verilmişdi.
Ötən ilin əvvəllərində O.Teymurxanın Azərbaycanda yaşayan yaxınları oxşar münasibətlə üzləşdiklərini bildirmişdilər. Onun 12 nəfər qohumunun polis bölməsinə aparıldığı, təzyiqlərə məruz qoyulduğu bildirilirdi.
Ötən il aprelin 13-də isə blogerin ailə üzvləri, qohumları İlham Əliyevə müraciət edərək O.Teymurxandan imtina etdiklərini bildirdilər.[:]