[:az]’Həkim məsuliyyətsizliyindən ölən anamın üzüyünü də oğurladılar'[:]

tərəfindən Gozetci

[:az]Zobundan əməliyyat olunan qadın 1 gün sonra vəfat edib

“Anam həkim məsuliyyətsizliyi, səhlənkarlığı ucbatından 53 yaşında vəfat etdi. Baiskar isə M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrah-endokrinoloqu Fəridə Saidovadır. Məhz onun laqeydliyi, bivecliyi ucbatından anam – 1965-ci il 29 yanvar doğumlu Xəzanə Adil qızı Əliyeva ölüb”.

Dərdini Meydan TV-yə danışan mərhumun oğlu Vüqar Əliyevdir. Şikayətçi bildirir ki, anası uzun illər hipotireoidizm xəstəliyi- yəni zobdan əziyyət çəkib.

“Son zamanlar xəstəliyi anama tənginəfəslik verirdi, ciddi narahatlıq yaradırdı. O, özü də deyirdi ki, əməliyyat olunum, canım birdəfəlik bu xəstəlikdən qurtarsın. Bir neçə yerdə analiz versək də, M.A.Topçubaçov adına Elmi-Cərrahiyyə Mərkəzində Fəridə Saidovanın üzərində dayanası olduq. O da, bizə dedi ki, analizin cavabları yaxşı çıxıb. Sonra da əlavə etdi ki, mən sizə 2-3 gün ərzində xəstənin əməliyyata hazır olub-olmadığını deyəcəyəm. Söylədiyi müddətdən sonra zəng etdi ki, mən analizlərə baxdım, xəstə əməliyyat üçün yararlıdır. 2018-ci il aprelin 26-da xəstəxanaya getdik. Anam 415-ci palataya yerləşdi, gecəni onunla qaldım”- oğlu deyir.

Şikayətçinin sözlərinə görə, aprelin 27-də səhər saat 9 radələrində tibb bacısı gəlib, anasını əməliyyat otağına aparıb:

“Əməliyyat gözlənildiyindən uzun çəkdi və anam reanimasiyaya deyil, palataya yerləşdirildi. O, narkozdan tam ayılmamışdı. Bacımla birlikdə Fəridə doktorun otağına getdik. Soruşdum ki, anamın əməliyyatı necə keçdi. Həkim başını yellədi, dedi ki, əməliyyat çox ağır oldu. Ananızın qanaxması vardı, çətinliklə dayandıra bildik. Sonra da əlavə etdi ki, lakin narahatlığa səbəb yoxdur, yaxşı olacaq. Narkozdan nə vaxt ayılacağını soruşdum. Dedi ki, 8 saata özünə gələcək. Sonra da palataya gəldi, 3 iynə qoydu, dedi ki, əgər axşam ağrıları olarsa, vurulacaq. Axşam saat 8-ə kimi gözlədim, lakin anam ayılmadı. Tibb bacıları da dedilər ki, narahat olmayın, bəzən xəstələrdə narkozdan ayılma məhz belə olur. Əvəzində həmin iynələri vurdular”.

Mərhumun qızı Təranə Vəliyeva:

“Anamın sifəti gömgöy idi, şişmişdi, tanımaq olmurdu. Biz bacı-qardaş, tibb bacısının köməkliyi ilə onu zülümlə yatağına uzandırdıq və Fəridə həkimin yanına getdik. O da, bizə dəfələrlə tapşırdı ki, danışmayın, qoyun xəstə yatsın. Ağır əməliyyat keçirdiyi deyilsə də, bütün gün ərzində anamla maraqlanan olmadı. Özüm arada gedib, tibb bacısını çağırdım ki, qoyulan sistem bitmək üzrədir, gəlin baxın. Təsəvvür edin, anama baxan tibb bacısını tapmadığımdan başqası gəldi. Sonra anama xidmət göstərən tibb bacısı gəldi və məndən soruşdu ki, Fəridə xanımın yanına ödəmə üçün kim gedəcək. Onu da deyim ki, həkimlə ümumi məbləğ olaraq 600 manat danışmışdıq. Əvvəldən 30 manat götürmüşdü. Sonda da yanına girib, 570 manat verdim. Soruşdum ki, axı anamın vəziyyəti yaxşıya oxşamır, məgər belə olmalıdır? O da cavabında dedi ki, danışma, sakit yanında otur. Fəridə xanım günorta 2-yə qalmış otağa gəldi, uzaqdan anama baxdı, hətta heç yaxınlaşmadı da. Mənə işarə elədi ki, danışma və çıxıb getdi”.

T.Əliyeva deyir ki, keçən müddət ərzində anasının səhhəti daha da pisləşib. Xəstə əl-qol hərəkətləri ilə ürəyinin ağrıdığını bildirib:

“Vaxt keçirdi, lakin anam narkozdan ayılmırdı. Ürəyini göstərib, nəsə deməyə çalışırdı, həmin nahiyəni əli ilə sıxırdı. Tez dəhlizə çıxdım, yaşlı bir tibb bacısı vardı, çağırdım ki, anam ürəyini göstərir, nəsə demək istəyir. O, mənə nə desə yaxşıdır? “Xəstə neçə saatdır, yatır. Get onu çevir, kürəyini ovxala, eyni formada uzanmaqdan bədəni quruyub”. Gəldim ki, anam özündə deyil, onu çevirməyə də gücüm çatmır. Asta-asta kürəyini massaj elədim. Səslədim ki, ana, nəsə istəyirsən? Ancaq əlini möhkəm-möhkəm ürəyinə sürtürdü. Yenə getdim, həmin tibb bacısının yanına. Dedim, axı bu dözmür, fasiləsiz əlini ürəyinin üstünə sürtür. Təsəvvür edirsiniz, tibb bacısı palataya gəlmədi. Bir az keçdi, anam başladı əlini qarnına sürtməyə, anladım ki, sidiyə getmək istəyir. Onu da deyim ki, anama sidik kateteri qoyulmamışdı. Anam gecə səhərə qədər qovrula-qovrula qaldı, tibb bacısı yaxın durmadı ki, belə olmalıdır. Məcbur olub, anama “Pampers” geyindirdik. Axşam 20 radələrində gəlinimiz gəldi, onu anamın yanında qoyub getdim. Bir də səhər saat 8-də xəstəxanaya gəldim. Gəlnimiz mənə dedi ki, ana səhər saat 5-ə qədər yata bilməyib. Ürəyini ovxalayıb, tualetə getmək istəyib. Amma tibb bacıları ona qalxmağa icazə verməyiblər. Mən xəstəxanaya gələndə anam xırıltılı səslə də olsa, danışa bilirdi, yəni ayılmışdı. Təxminən saat 9-da Fəridə həkim gəldi. Anamdan yemək yeyib-yemədiyini soruşdu. O da “yox” dedi. Həkim də yüksək səslə söylədi ki, belə olmaz. Səninlə eyni əməliyyatı keçirən xəstələr, ayağa durublar, yemək də yeyirlər. Belə etsən, sənə buraxılış yaza bilməyəcəyəm. Mən də tez dedim ki, dünəndən bugünə kimi ayaqyoluna getmək istəyir, amma gedə bilmir. Soruşdu:

“Necə yəni gedə bilmir? Məgər ayağa qaldırmamısınız?” Bildirdik ki, tibb bacıları qoymayıb. Fəridə həkim də dedi ki, yedizdirin, bir az sonra durub ayaqyoluna getsin. Hətta dedi ki, lap kabab da yeyə bilər. O gedəndən sonra çay hazırladıq. İlıq çayla iki peçenye yedi. Durğuzduq, oturdu, başı fırlanırdı. Bir az keçəndən sonra dedi ki, indi yaxşıdı. Hərəmiz bir qolundan tutub, ayaqyoluna apardıq. Biz ayaqyoluna girmək istəyirdik, Fəridə həkim bir neçə tibb bacısı ilə qarşımıza çıxdı ki, bəs xəstənin sarğısını dəyişməliyik. Dedilər ki, ayaqyoluna aparın, sonra sarğını dəyişək”.

T.Vəliyeva deyir ki, anası ayaqyolunda huşunu itirərək yerə yıxılıb. Onlar həkimləri köməyə çağırıblar, lakin xəstəyə yaxınlaşan olmayıb:

“Anam qəfildən özündən getdi, yerə yıxıldı. O, qucağımda yerə çökmüşəm, qışqırıram, köməyə çağırıram. Tibb bacıları bizi dövrəyə aldılar. Fəridə həkim yanımızda dayanıb, anama yaxın da gəlmir. Ancaq dayanmadan “Qışqırma, hər şey yaxşı olacaq” – deyirdi. Sonra reanimasiyadan anestezioloqu çağırmağa getdi. Anam o vəziyyətdə qaldı, təxminən 6-7 dəqiqədən sonra naşatır spirti gətirə bildilər. Anam sanki kəskin iyə reaksiya verdi. İki kişi həkim gəldi, anamı ayaqyolundan bayıra çıxardıq. Nəfəs balonu gətirdilər. Balonu vuranda məlum oldu ki, deşikdir, işləmir… Xərək gəldi, iki kişi həkim kənardan durub tamaşa edirdi, yaxın durmadılar. Tibb bacıları ilə anamı qaldırıb xərəyə qoyduq. Reanimasiyaya girdilər, qapını bağladılar. 5-10 dəqiqədən sonra həkimlər bir-bir reanimasiyadan çıxmağa başladı. Kimdən soruşuruq, cavab verən olmadı. Baxdım ki, Fəridə həkim anestezioloq və başqa bir həkimlə birlikdə kənarda dayanıb söhbət edir. Anam da hərəkətsiz vəziyyətdə qalıb. Sonra Fəridə həkim gəldi, məni otağına apardı və bir onu dedi ki, “Vsyo”…

Soruşdum: “Necə yəni “vsyo”? Cavab verdi: ““vsyo” da, “vsyo”… Trombemboliyadır. Hər an baş verən bir şeydir. Onun müalicəsi də yoxdur”. Mən də dayanmadan ağlayıram. Başımın üzərində dayanıb üstümə qışqırır ki, niyə ağlayırsan? Mənə dedi ki, indi mühafizə xidmətini çağırıb, səni bayıra çıxartdıracağam. Atama zəng etdim, dedim ki, gəl, anama kömək edə bilmədilər. Sonra dayılarıma, xalalarıma zəng vurdum. Bu da mənə deyir ki, sən niyə camaatı bura yığırsan? Elə bil ki, anam ayılıb, mən camaatı kefimdən ora yığırdım. Gördü, sakitləşmirəm, məni aldatdı, dedi ki, anan hələ də süni nəfəs aparatına qoşuludur. Bu sözlərdən bir az rahatlaşdım. Dedim ki, qurban olum, aparatı çıxarmayın, oğlunu görsün. Arada eşitdim, mənim dilimdən kağız almaq istəyirlər ki, bu məsələ ilə bağlı onlara problem yaratmayaq. Kimsə dedi: “Onun indi nəsə yazmağa halı var?” Daha sonra Fəridə həkim yoxa çıxdı, biz bir də onu görmədik. Qardaşım gəldi, anamı o vəziyyətdə görəndən sonra ürəyi getdi. Güc-bəla ilə onu ayıltdılar”.

Vüqar Əliyev danışır:

“Mən ayılan kimi, saat 10:45-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim. Hadisə ilə bağlı məlumat verdim. Zəngimdən az qalsın 2 saat keçib, polisdən xəbər-ətər yoxdur. İkinci dəfə “102”-yə yığdım ki, bəs mən bayaq sizə zəng etdim, niyə hələ də polis gəlməyib? Operator qız qışqırdı ki, necə yəni gəlməyib, biz artıq sorğu vermişik, gəlməlidir. 3 saat keçdi, polis əməkdaşları gəlmədi. Məcbur olub, bacımın və yaxınlarımın təkidi ilə anamın meyitini xəstəxanadan çıxardıq. Onu da deyim ki, hadisədən sonra qarşıma çıxmayan Fəridə Səidova tibb bacısının vasitəçiliyi ilə 600 manat pulu mənə göndərdi. Xəstəxanada çox sakit formada, heç nə olmamış kimi buraxılış üçün icazə vərəqəsini yazdılar. Daha bir məqam, əməliyyatdan əvvəl anamın yanında mən qalmışdım. Onun sol barmağında qızıl üzüyü vardı. Dedim ki, ana üzüyü çıxar. Dedi: “Yox, oğlum, bu üzük barmağımda olmayanda özümü narahat hiss edirəm”. Əməliyyat zamanı üzüyü çıxarıb, mənə verdilər. Mən də düşündüm ki, itirərəm, üzüyü bacıma verdim. Anam əməliyyatdan çıxandan sonra həmin ərəfədə üzüyü istəyib, bacım da barmağına taxıb. Onu reanimasiyaya aparanda üzük barmağında olub. Biz meyiti məscidə aparanda bacım anamın üzərini açdı və qışqırdı ki, Vüqar, ananın üzüyünü oğurlayıblar”.

Vüqar Əliyev deyir ki, nə həmin gün, nə də sonrakı günlər həkimdən və polisdən xəbər çıxmayıb.

Şikayətçi deyir ki, məsələ ilə bağlı Daxili İşlər və Səhiyyə nazirliklərinə, həmçinin Baş Prokurorluğa məktub yazıb.

Anasının dəfnindən sonra Fəridə Saidova ilə görüşən Vüqar Əliyev qarşı tərəfin indi məsuliyyəti öz üzərindən atdığını deyir.

Mərhumun həyat yoldaşı Canpolad Əliyev isə məsələni belə qoymayacaqlarını söyləyir:

“Yoldaşımı analiz verməyə aparanda Fəridə həkimə dedim ki, onun ayağında tromb var. Həkim də cavabında dedi: “Mən elə trombla 30 ildir əməliyyatlar edirəm”. Bu adam məni arxayın etdi. İndi isə dediyi sözləri inkar edir, cürbəcür bəhanələr gətirir. Hazırda başım yas mərasiminə qarışıb. Onunla mütləq görüşəcəm. Sağ adam aparmışam, meyitini gətirmişəm. Axı sən mənə zamin dayandın ki, hər şey yaxşı keçəcək. Qəssabdırlar, orada oturublar. İnsan saymırlar. Sanki qoyunu əməliyyat edib kənara atırlar? Üstəlik də, ölünün üzərindən üzük oğurlanır. Ora xəstəxana deyil, qəssabxanadır”.

Cərrah-endokrinoloq Fəridə Saidova isə deyilənləri yalanlayır. Həkim Meydan TV-yə açıqlamasında bildirib ki, heç bir həkim səhlənkarlığından söhbət gedə bilməz:

“Xəzanə Əliyevanın ölümünə səbəb keçirdiyi əməliyyat deyil. Xəstə əməliyyatdan sonra durub, gəzib, yeyib-içib, danışıb. Oğlu isə mənimlə dəfələrlə danışanda deyib ki, anamın ölümündə sizin günahınız yoxdur. Xəstənin analizlərində heç bir problem olmayıb. O, trombemboliyadan ölüb. Ölüm bir neçə saniyə ərzində olur. Onun qabağını hətta Amerikada da almaq mümkün deyil. Belə şeylər çox eşitmisiz, adam yatdı durmadı, və sair və ilaxır. Qızıl üzüyün oğurlanmasını mənə də söyləyiblər. Vüqar Əliyev özü mənə deyib ki, üzüyün maddi dəyəri çox azdır. Sadəcə, anamın yadigarıdır. Ümumiyyətlə, bilinmir ki, üzük harada itib. Meyiti yumağa aparıblar. Bəlkə orada kimsə barmağından çıxarıb? Özlərinə də demişəm ki, əgər üzüyü tapmaq istəyirsinizsə, polisə müraciət edin. Bilirsiniz, burada nə qədər xəstə rəhmətə gedir? Heç birindən də heç nə oğurlanmayıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə Meydan TV-yə deyib ki, şikayətçinin məktubu araşdırılacaq və bundan sonra lazımi ölçü götürüləcək:

“Ölümün səbəbi müəyyən olunacaq, əgər orada həkimin çox yox, bir balaca səhlənkarlığı olsa, cəzasız qalmayacaq. Heç bir həkim, heç bir tibb işçisi, heç bur müəssisə istəməz ki, onun pasiyenti ölsün. Mərhumun üzərindən üzüyün oğurlanmasına gəlincə, müəyyən reanimasyon tədbirlər həyata keçiriləndə xəstənin üzərindən qızıl-zinyət əşyaları çıxarıla bilər. Amma sonra geri qaytarılır. Ümumiyyətlə, 14 ildir ki, bu sahədəyəm, indiyə qədər belə bir halla rastlaşmamışam. Qızılın oğurlanmasına qətiyyən inanmıram. Tibb müəssisəsində bu, ömürboyu ola bilməz”.

Baş Prokurorluqdan məsələnin araşdırıldığı bildirilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az