[:az]Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib. Bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib. Bu qərarlardan biri hüquqşünaslar Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilə bilməməsi ilə bağlı verilən şikayət üzrədir.
Avropa məhkəməsi ərizəçilərin Avropa İnsan Hüquqları Konvensiyasının Konvensiyanın 10-cu (ifadə azadlığı), 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ), həmçinin 34-cü maddə (fərdi şikayət hüququ) üzrə hüquqlarının pozulduğunu tanıyıb.
F.Namazlının sözlərinə görə, 34-cü maddənin pozulması onunla bağlıdır ki, 2014-cü ilin avqustunda İ. Əliyev həbs edilərkən prokurorluq işçiləri Avropa məhkəməsində baxılmaqda olan işlər üzrə sənədləri onun ofisindən aparıblar.
Strasburq məhkəməsi hər ərizəçiyə mənəvi zərərə görə 7500 avro, məhkəmə məsrəflərinə görə 2500 avro ödənilməsi barədə qərar çıxarıb.
İkinci qərar 2013-cü ilin dekabrında hüquq müdafiəçisi Anar Məmmədlinin tutulmasının əsassız olması ilə bağlıdır. Məhkəmə bunu əsassız sayaraq onun hüquqlarının Avropa konvensiyasının 5-ci (azadlıq hüququ) və 18-ci maddəsi (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) üzrə pozulmasını tanıyıb.
AİHM A.Məmmədliyə 20000 avro, məhkəmə məsrəflərinə görə 2500 avro kompensasiya ödənilməsini qərara alıb.[:]