[:az]Mərkəzdə müalicə alan şəxs: ”Orda qalmağın qiyməti danışıqdan asılıdır”
Martın 2-də Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər həyatını itirib. Yanan binada müalicə alan, adının açıqlanmasını istəməyən pasiyentlərdən biri MeydanTV-nin suallarını cavablandırıb.
-Oradakı binanın köhnə, təmirsiz olduğu görünürdü. İçəridəki şərait necə idi?
– Ora elə bil xarabalıq idi. Tikiləndən bu yana təmir olunmayıb. Qədimdən necə vəziyyətdə olubsa, elə də qalmışdı. Hətta naqillər belə açıq idi. Divarlar bir rəngdə deyildi, üstündə nə rəng desən vardı. Boyalar köhnəlmiş, it günündə idi. Çarpayıların da hamısı köhnəydi.
-Siz nə vaxt orada müalicə almısınız və ilk dəfə ora gedəndə kimə müraciət etdiniz?
-2013-cü ildən 2017-ci ilə qədər orada müalicə almışam. Mənim vaxtımda orada Pərvin və Afaq həkim var idi, onları tanıyırdım. Ora ilk gələndə birinci onlarla danışırsan, bundan sonra səni ümumi şöbəyə verirlər. Bir şöbədə 8-10 nəfər olur, hamısı bir yerdə qalır. Çayını, suyunu özün dəmləyib içirsən. Dərmanları verirlər, atırsan. Dərmanların təsirindən 3-4 gün ağlın başında olmur. Onu da deyim ki, oradan tam müalicə alıb çıxırsan. Ondan sonra narkotiki qəbul edib-etməmək sənin iradənə qalır.
– Müalicə üçün pul ödəyirdinizmi?
– Bu, necə danışmağına baxır. Orda qalmağın qiyməti danışıqdan asılıdır. Bir az ağlaşma qurdun, az pul alırlar, yox görürlər ki, imkanlısan, göylə gedirlər. Mən birinci dəfə gedəndə başım çıxmırdı deyə çox pul aldılar. Onda məndən 800 manat pul almışdılar. Sonra oranın mühafizə xidməti ilə tanışlıqla getdim, 10 gününü 300 manata qaldım. 21 günü 600 manata da qalmışam.
-Bəs sizə münasibət necə olurd?
– Çətini ora girənə qədərdi. Birinci gələndə səninlə xoş danışırlar, sonra beyinləri çönür. Əsas da onların mühafizə xidməti qəddarlıqla seçilir. Onların içində qaniçən, qəddar mühafizəçilər də var, yumşaq xasiyyətlisi də. Gərək onlarla münasibəti pis tutmamaq üçün yaltaqlıq edəsən. Dərmanları vaxtı-vaxtında verirlər, amma dərmanlı olursan, ağlın başında olmur, ona görə də səni pis günə qoyurlar. Orada Daşqın adlı mühafizəçi vardı, çox qəddar, qaniçən insan idi. Həm rüşvət alırdı, həm də bizi çox pis döyürdü. Onların bizə olan münasibətini həkimlər də bilirdilər.
– Sizdən hansısa formada rüşvət tələb edirdilər?
– Özün “hörmət” edirsən, gəlib yaxandan tutub səni divara dirəmirlər ki, pul gətir. Amma elə şərait yaradırlar ki, işin getsin deyə onlara pul verirsən. Telefonla danışmaq istəyirsən, ya da artıq dərman atmaq istəyirsən, pulu onda verirsən onlara. Dərmanlı olursan, ağlın başında olmur, öz elədiklərini bilmirsən. Bundan istifadə edib səni döyürlər. 3-4 nəfər tökülüşür üstünə, huşunu itirənə qədər döyürlər. Özü də hamısı iri gövdəli, idmançı uşaqlardı.
– Bəs yanğınla bağlı nə eşitmisiz?
-Eşitmişəm ki, oradan bir xəstə çıxmaq istəyib. Evlərinə getmək istəyib, amma buraxmayıblar. O da qorxutmaq üçün su qızdırıcısından yanğın törədib. Özü qaçıb, amma xəstələri buraxmayıblar. Onlar da yanıb ölüblər. Hə bir də ölənlərin çox olmasına səbəb əl-qollarının bağlı olmasıdır. Amma burada xəstələrə qarşı qəddar davranışdan söhbət getmir. Biz dərman atandan sonra özümüzdə olmuruq, ona görə hansısa hadisə baş verməsin deyə əl-qolumuzu iplə çarpayıya bağlayırdılar.
– İddia edirlər ki, orada imkanlı şəxslər üçün xüsusi şöbə var. Onlar pul qarşılığında orada müalicə alırlar və şəraitləri adi palatalardan fərqlənir…
– Məşhurlar orada qalmır. Gündəlik gəlib “Metadon” adlı dərman içirlər. O dərmanı qəbul etdikdən sonra narkotik qəbul etmək istəmirsən. Yəni “lomkada” olmursan. Pullular üçün şöbədə olmamışam. Eşitmişəm ki, orada 5-ci şöbə var, ora bahadır, şəraiti də yaxşıdır.
– Bəs narkotik vasitələrin içəri keçirilməsi halları olurdu?
– Narkotik satan tanışın varsa, (“Bariqa” adlanır-müəllif) ona zəng edirsən, deyirsən ki, filankəs sənə zəng edəcək, görüş onunla. Həmin filankəs xəstəxananın mühafizəçilərindən olur. Sən həmin narkotkə görə, mühafizəçiyə 50 manat verirsən, o da bu pul qarşılığında gedib “bariqa” ilə görüşüb əlavə 60-70 manat verib bir qram mal alır.
Meydan TV iddialara Respublika Narkoloji Mərkəzin rəhbərliyindən münasibət öyrənə bilməyib. Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən də sualları cavablandırmayıblar.
Martın 2-də mərkəzdə yanğın baş verib. Hadisə zamanı orada 200-ə yaxın xəstə, 14 işçi olub. Yanğın nəticəsində 25 nəfərin öldüyü bildirilir.[:]