[:az]5 il müddətinə azadlıqdan məhrum edilmiş www.7gun.az portalının redaktoru Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva oğlunun işini nəzarəti altına alması və onun azad edilməsinə yardım etməsi xahişi ilə baş prokuror Zakir Qaralova müraciət edib.
Cavid Şirəliyev 22 may 2016-cı il tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədələmə yolu ilə rüşvət tələb etmək (CM-in 182.2.1-ci və 182.2.4-cü maddələri) ittihamı ilə mühakimə olunub.
Şirəliyev 30 avqust 2014-cü il tarixində DİN əməkdaşları tərəfindən saxlanılıb və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə (MCMBİ) aparılıb.
Jurnalistin anası hesab edir ki, oğlunu hüquq-mühafizə orqanları ilə gizli əməkdaşlıq edən Xankişiyeva Şəfiqə İsmayıl qızının şikayəti əsasında uydurma ittihamla həbs edilib.
Ana qeyd edir ki, 2017-ci ilin avqustunda Ali Məhkəmə hökmü ləğv edib və işi Apellyasiya Məhkəməsinə qaytarıb. Amma Gəncə Apellyasiya Məhkəməsi artıq 7 aydır əsassız olaraq işə baxılmasını uzadır.
“Dövlət ittihamçısı qərəzli olaraq iclasın təxirə salınması təklifi ilə çıxış edir, oğlumun həbsdə saxlanılmasını əsassız olaraq uzadır”, deyə Z.Şirəliyeva yazır.
Sonda o, Qaralovdan işi ciddi nəzarət altına götürməyi və oğlunun azad edilməsinə yardım etməyi xahiş edir.[:]