[:az]
AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, 10 aylıq həbsxana həyatı ona Azərbaycan hökumətinin indiyədək bilmədiyi tərəfləri haqda da məlumatlanmağa yardımçı olub. Söhbət həbs yerlərindəki neqativ hallardan gedir. G.Bayramlı bu haqda martın 12-də Gəncə Apellyasiya Məhkəməsində danışıb. Orada G.Bayramlının 3 il azadlıqdan məhrum edilməsi haqda Qazax Rayon Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılır.
Martın 12-də məhkəmədə prokuror Qalib Rizvanov deyib ki, qarşı tərəfin apellyasiya şikayətində göstərdikləri hallara etirazları var və bunu yazılı şəkildə məhkəməyə göndəriblər. Dövlət ittihamçısı etirazın cinayət işinin materiallarına əlavə olunmasını istəyib. Vəkil Elçin Sadıqov isə etiraz edib. Bu əsasla ki, prokuror gecikib, qanunda etirazı təqdim etməkdən ötrü nəzərdə tutulan müddət ötürülüb. Vəkil narazı olsa da, prokurorun etirazı iş materiallarına əlavə olunub.
Ardından vəkil apellyasiya şikayətindən danışıb, bu iş üzrə istintaqın və birinci instansiya məhkəməsindəki araşdırmaların obyektiv olmamasından, müdafiə tərəfinin heç bir vəsatətinin təmin olunmamasından danışıb. Deyib ki, əgər vəsatətlər təmin olunsaydı, məsələn, «Sınıq körpü» gömrük-buraxılış məntəqəsindəki videogörüntülər ortaya qoyulsaydı, siyasətçi xanımdan tapıldığı iddia olunan pulların üzərindəki əl-barmaq izləri ilə bağlı ekspertiza keçirilsəydi, G.Bayramlının günahsızlığı bir daha konkret faktlarla sübuta yetirilərdi: «Amma təəssüf ki, bu vəsatətlərimizin biri də təmin olunmadı».
Bəraətverici əsaslarla bu cinayət işinə xitam verilməsini istəyən vəkildən sonra G.Bayramlı özü də çıxış edib. Deyib ki, məhkəmədən heç bir gözləntisi yoxdur: «Bilirəm ki, bu məhkəmə də sifariş yerinə yetirəcək. Elə ilkin baxış iclasından burada da vəsatətlərimizin heç biri təmin edilmədi. Apellyasiya şikayətinə qismən istintaqla baxılmasını, araşdırma aparılmasını istədik, bunu da eləmədiniz».
G.Bayramlı bildirib ki, Gürcüstandan qayıdanda 12 min dollar gətirməsi ağ yalandır, əksinə, özü buradan gedəndə pul aparırmış ki, orada müalicəsinə xərcləsin: «Rusiyada yaşayan qardaşımın göndərdiyi pulu müalicə məqsədi ilə aparmışam. Azərbaycandakı bütün banklar öz əllərindədir, buyurub yoxlasınlar. Bütün bu baş verənlərin bir məqsədi var – qisasçılıq. Mənim həbsim də AXCP-yə qarşı qisasçılıq və repressiyanın davamıdır. Mən DTX tərəfindən izləndiyimi bilə-bilə xaricdən pul gətirərdimmi? Əlbəttə ki, yox. Hətta gətirsəydim belə, bunu gömrükdə bəyan edərdim. Əllərində bircə sübut varsa, qoysunlar ortaya…».
G.Bayramlı çıxışının sonunda söyləyib ki, onu tanıyanların hamısı günahsız olduğunu bilir: «Hər kəs mənim şərləndiyimi, həbsimin sifarişinin ən yüksək səviyyədə verildiyini bilir. Mənim üçün əsas olan budur, ona görə də rahatam».
Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası bundan sonra qərar vermək üçün müşavirəyə gedib. Öncə bildirilib ki, axşam saat 16:00-da qərar elan olunacaq. Vaxtın tamamında isə məhkəmənin aprelin 2-nə təxirə salındığı haqda məlumat verilib.
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.
[:]