[:az]Bu gün, yanvarın 24-də Cəlilabad Rayon Məhkəməsində azel.tv saytının həbsdə olan təsisçisi və redaktoru Əfqan Sadıqovun yeni məhkəmə prosesi başlayıb. Xuliqanlıq ittihamı ilə həbs olunan jurnalisti bu dəfə Cəlilabad rayonunun İcra Hakimiyyətinin başçısı Əziz Əzizov böhtanda ittiham edir.
Xüsusi ittiham qaydasında şikayətə Cəlilabad Rayon Məhkəməsinin hakimi Qalib Paşayevin sədrliyi ilə baxılır.
Məhkəmə prosesi haqda məlumat verən jurnalistin vəkili Elçin Sadıqovun bildirdiyinə görə, şikayət gərəkli prosessual tələblərə cavab verməyib. O, məhkəmədən xahiş edib ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilsin.
“Xüsusi ittiham qaydasında şikayətin tarixi göstərilməlidir. Ancaq şikayətdə bu göstərilməmişdi. Eyni zamanda şikayət edən şəxs əməli kimin törətməsi – yazının müəllifinin kim olması barədə sübutlar təqdim etməlidir. Bunlar da məhkəməyə təqdim olunmamışdı”, – vəkil bildirib.
E. Sadıqovun deməsinə görə, müdafiə tərəfi həmçinin, prosessual qanunvericiliyə istinad edərək, məhkəmə qarşısında xüsusi ittihamçının – icra başçısı Əziz Əzizovun şəxsən məhkəmədə iştirak etməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
Vəkilin qeyd etməsinə görə, məhkəmə yekunda şikayətin icraata götürülməsinə qərar verib və proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. O, icra hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Sadıqov bunu təxribat adlandırıb.
2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub. Ona 2 il 6 ay həbs cəzası verilib.
Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib.
İndi, cəza müddətinin başa çatmasına üç ay qalmış onun həbs müddəti uzadıla bilər.
Hüquq müdafiə təşkilatları Əfqan Sadıqovu siyasi məhbuslar siyahısına daxil ediblər. Yerli hüquq müdafiəçiləri jurnalistin rayonda hüquq pozuntuları barəsində tənqidi məqalələrinə görə, həbs edildiyini hesab edirlər.
Ancaq bu deyilənlərə, hələlik, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısının münasibətini almaq mümkün olmayıb.
Üstəlik, Azərbaycan hakimiyyəti rəsmiləri ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir.
Azadlıq Radiosu[:]