[:az]Vəkil: “Avropa Məhkəməsindəki proseslərə hazırlaşmağımıza maneə yaradılır”
ReAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədova göndərilən sənədlərin konfedensiallığı qorunmayıb. Bu barədə məlumatı vəkil Fuad Ağayev öz “Facebook” səhifəsində yayıb.
“Dünən İlqar Məmmədovu, Avropa İnsan Hüquqları Məhkəməsində olan hər iki iş üzrə mənimlə yanaşı təmsil etməyə razılıq verən məşhur britaniyalı vəkilin işə qoşulması üçün zəruri sənədləri 2 saylı cəzaçəkmə müəssisəsinə göndərdim. Bu zaman birmənalı şəkildə göstərdim ki, bu, məhkum və onun müdafiəçisi arasında olan konfidensial yazışmadır. 2 saylı cəzaçəkmə müəssisəsində məktubu alar-almaz açıblar – bu, bir pozuntu. Bu gün məlum olub ki, İlqara həmin sənədləri verməyiblər. Yəni buradakı müdafiəçilərinə təzyiqlər bir yana, xarici vəkil işə qoşulmamış hüquqlarını pozurlar”- vəkil bildirib.
Onun sözlərinə görə, bu pozuntuları cəzaçəkmə müəssisəsi rəhbərliyinin öz təşəbbüsü ilə törətməsi az inandırıcı görünür:
“Belə ki, ötən ilin son iki aylarına kimi xeyli müddət idi ki, İlqar Məmmədovun hüquqlarının ciddi pozuntularını muşahidə etmirdim. İndi isə mən öz peşə borcumu belə çətinliklə yerinə yetirirəm. Özümlə gətirdiyim sənədlər (o cümlədən, konfidensial sənədlər) məndən alınır və İlqarla Avropa İnsan Hüquqları Məhkəməsindəki proseslərə hazırlaşmağımıza çətinlik yaradılır. Tövsiyə edərdim ki, cəzaçəkmə müəssisəsinin inzibati binasının ən azı dəhlizində videokameralar quraşdırılsın, vəkillərin üzərində baxış-axtarış praktikasına son qoyulsun”.
Vəkil deyir ki, Cəzaların İcrası Məcəlləsinin 83.2-ci maddəsinə əsasən məhkumların müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları senzuradan keçirilə bilməz:
“Bu yaxınlarda jurnalistlər özləri şahidi oldular ki, İlqar Məmmədova münasibətdə bu imperativ hüquq normasına nə dərəcədə əməl olunur. Yeri gəlmişkən, son vaxtlar baş verənlər bəzilərinin məni də hədəfə götürmələrinə dəlalət edir. Bununla bağlı bildirmək istəyirəm ki, heç bir qeyri-hüquqi hərəkət törətmək niyyətində olmamışam və deyiləm, kifayət qədər ehtiyatlıyam, maşın altına atılmıram, özümə qəsd etmirəm və s. Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Ombudsman aparatına üzümü tutaraq demək istəyirəm ki, İlqar Məmmədovun təhlükəsizliyi və hüquqlarının pozulması üçün tam məsuliyyəti bütövlükdə Azərbaycan hökuməti daşıyır”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov isə artıq faktla bağlı Ombudsman Aparatının e-mail ünvanına məktub göndərdiyini bildirib.
İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunub. İ.Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.
2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb.
Meydan TV[:]