[:az]Həbsdə olan cəbhəçi gəncin ağciyərinə su yığıdığı deyilir[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Neftçala rayon şöbəsinin fəalı, bir ildən artıqdır həbsdə olan Elnur Fərəcovun vəziyyətinin ağırlaşdığı bildirilir.

Bu barədə atası Hüseyn Fərəcov AzadliqRadiosuna danışıb.

Hüseyn Fərəcov deyir ki, oğlunun səhhətində əvvəldən də ciddi problemlər müşahidə olunub:

“ Həbsxanada durumu daha da pisləşib. Keçən ay saxlandığı Salyan 5 saylı təcridxananın rəhbərliyi durumunun ağırlığına görə, onu Bakıya müalicəyə göndərib. İndi isə ona məhkumluğunun “tubzon”da davam edəcəyini bildiriblər”

“Tubzon” (“vərəm zonası” mənası verir – red.) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrinin müalicəsindən ötrü yaradılan 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsidir.

Hüseyn Fərəcov oğlu ilə sonuncu dəfə yanvarın 25-də görüşdüyünü deyir:

“Elnuru şənbə günü Binəyə aparıblar. Gələn həftənin əvvəli yenə görüşəcəyik, yemək aparacağıq. Onun boynunda şiş vardı, apardılar müayinə edəndə ağciyərində su olduğu aşkarlandı, suyu çəkdilər. Pentinsiar Xidmətin xəstəxanasında boynundakı şişdən analiz götürsələr də diaqnoz alınmadı. Çünki analizi şişdən yox, əzələdən götürmüşdülər. İkinci analizin cavabı müsbət oldu. Narahatlığımız var, çünki orda belə bir xəstəliyin tam müalicə olunacağına əminliyi yoxdur. Amma əhval-ruhiyyəsi yaxşıdır…”.

Atası deyir ki, oğlu 2016-cı il sentyabrın 11-də keçirilən mitinqdə iştirak etdiyinə görə, şərlənərək həbs edilib:

“Mitinqdən bir həftə sonra polislər onu işlədiyi “Azəryod” zavodundan apardılar və 5 sutka inzibati cəza aldı. Bir ay sonra işdən çıxartdılar…Sonrası da məlumdur da, narkotiklə şərləyib həbs etdilər”.

Hüseyn Fərəcovun bu açıqlamasına, hələlik, “Azəryod”Açıq Səhimdar Cəmiyyətindən, hüqüq mühafizə və məhkəmə orqanlarından münasibət almaq mümkün olmayıb.

AXCP-nin gənc fəallarından olan, 1987-ci il təvəllüdlü Elnur Fərəcov 2016-cı il dekabrın 9-da narkotika ittihamı ilə saxlanıb və məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda AXCP-nin 10-a qədər fəalı həbsdədir. Partiya və hüquq müdafiə təşkilatları onları siyasi məhbus sayır.Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onların deməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə cəlb olunublar.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az